"4 iyul hücumu: Rekord sayda raket, yandırılmış binalar, yaralı uşaqlar..."
Tramp-Putin telefon danışığından cəmi bir neçə saat sonra Rusiya Kiyevə və ətraf bölgələrə qarşı son illərin ən kütləvi hücumunu həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə boyu ölkə ərazisinə ümumilikdə 550 hava hücumu vasitəsi - 539 "Shahed" tipli dron və müxtəlif növ raketlər atılıb. Onların 478-i zərərsizləşdirilsə də, 9 raket və 63 pilotsuz aparat hədəfə çatıb.
Ən böyük zərbə Kiyev və vilayətinə endirilib. Paytaxtın 13 rayonunda yanğınlar baş verib, yaşayış binaları, məktəblər, xəstəxanalar, təcili yardım avtomobilləri və infrastruktur obyektləri zərər görüb. Gecənin sonunda 23 nəfərin yaralandığı təsdiqlənib, aralarında 10 yaşlı bir qız da var. 14 nəfər xəstəxanaya yerləşdirilib.
Putin ABŞ-a meydan oxuyur
Ukrayna xarici işlər naziri Andrey Sibiqa bu hücumu qəsdən həyata keçirilmiş mesaj kimi dəyərləndirib. Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin Trampla danışıqdan dərhal sonra belə bir hücumla ABŞ-a və müharibənin dayandırılmasını istəyən bütün beynəlxalq qüvvələrə açıq sayğısızlıq nümayiş etdirib.
"Bu, Kiyev üçün yuxusuz və dəhşətli gecə idi. Putin ABŞ-ı vecinə almır və bu hücumla öz qəddarlığını bir daha nümayiş etdirib. Dünya artıq sakitcə baxmamalıdır - sülh güc tələb edir", - Sibiqa sosial şəbəkədə yazıb. O, Rusiyaya qarşı "ən sərt sanksiyaların" tətbiqini və Ukraynaya daha çox silah dəstəyinin verilməsini tələb edib.
Tramp: "Razılıq əldə olunmadı"
Telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada müharibənin dayandırılması ilə bağlı heç bir irəliləyiş əldə olunmadığını bildirib: "Putinlə uzun danışıq oldu. İran, Ukrayna və digər məsələləri müzakirə etdik. Amma nəticə yoxdur. Mən məmnun deyiləm".
Tramp ABŞ-ın Ukraynaya yardımı davam etdirdiyini də qeyd edib, lakin əvvəlki prezident Co Baydenin ölkənin silah ehtiyatlarını tükətdiyini vurğulayıb: "Biz indi özümüzü də qorumaq üçün silah ehtiyatlarımızı gücləndirməliyik".
Yaralılar, dağıntılar və yanğınlar: Kiyevdən görüntülər
Kiyev meri Vitali Kliçko bildirib ki, hücum zamanı beş təcili yardım maşını zədələnib. Solomensk rayonunda beşmərtəbəli binanın bir hissəsi dağılıb, yeddimərtəbəli binanın damında 2 min kvadratmetr sahədə yanğın baş verib. Şəhərin digər hissələrində də anbarlar, avtoservislər və yaşayış binaları dağılıb.
Şevçenko rayonunda yeni tikilmiş, lakin hələ yaşayışa verilməmiş səkkizmərtəbəli binaya zərbə dəyib, birinci mərtəbə dağılıb. Fastov rayonunda da çoxmənzilli və fərdi evlər dağılıb, bir neçə yanğın baş verib. Rəsmilər bildirir ki, yüzlərlə "Shahed" dronu və müxtəlif növ raketlər bir neçə saat ərzində Kiyev üzərinə yağdırılıb.
Qərb nə edəcək?
Bu hücum Putinlə Trampın beşinci dəfə telefonla danışmasından sonra baş verir və indiyədək iki lider arasında Ukrayna mövzusunda baş tutmuş ən gərgin epizodlardan biri hesab edilir. Kreml nümayəndəsi Yuri Uşakov qeyd edib ki, tərəflər arasında birbaşa razılaşma əldə olunmayıb, lakin Putin "danışıqlara açıq olduğunu" bildirib.
ABŞ-ın cavabı isə hələ ki konkret deyil. Lakin Ukrayna rəhbərliyi bu hücumu beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı adlandırır və xəbərdarlıq edir: "Əgər bu təcavüz cəzasız qalarsa, dünya yeni və daha amansız diktatorların doğuluşuna şahid olacaq".