BAKI, 18 iyun. TELEQRAF
Cari ilin may ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində cərrahi əməliyyat və prosedurların sayı 33 657 (31 055 stasionar, 2 602 ambulator olmaqla) olub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1 % azalma qeydə alınıb.
Qeyd edilib ki, 2025-ci ilin may ayı ərzində ümumilikdə 2 327 302 müraciət qeydə alınıb. Bunlardan 45 605-i stasionar, 2 281 697-si ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 6 % artım qeydə alınıb.
May ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 8 546 523 (1 048 072 stasionar, 7 498 451 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 644 357 sayda laborator müayinələr aparılıb ki, onların da 523 243-ü stasionar, 3 121 114-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 24 % artım qeydə alınıb.