AZ

Bu ilin birinci yarısında Folklor İnstitutunda 4 problem, 9 mövzu üzrə tədqiqat aparılıb

Bakı, 4 iyul, AZƏRTAC

AMEA Folklor İnstitutunun 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair Elmi şura iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda müəssisənin direktoru filologiya elmləri doktoru Hikmət Quliyev son dövrlər AMEA-da həyata keçirilən kompleks islahatlar barədə geniş məlumat verib. O, xüsusilə humanitar və ictimai elmlər sahəsində ölkənin milli maraqlarına və qlobal çağırışlara uyğun şəkildə aparılan institusional dəyişikliklərin əhəmiyyətini vurğulayıb. H.Quliyev, həmçinin AMEA Rəyasət Heyətinin Xankəndi şəhərində keçirilmiş iclasında qəbul edilmiş qərarlar, o cümlədən Folklor İnstitutunun qarşısında müəyyənləşdirilmiş vəzifələr və tapşırıqlar barədə iştirakçıları məlumatlandırıb. Alim qeyd edib ki, qəbul olunmuş qərarlara əsasən, AMEA-da humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlar daha dərin elmi inteqrasiya prinsipləri əsasında həyata keçiriləcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan kompleks tədqiqatlarda arxeoloqlar, tarixçilər, dilçilər və folklorşünasların birgə fəaliyyəti, tədqiqatların interdisiplinar yanaşma və təcrübə mübadiləsi əsasında təşkili prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Sonra institutun elmi katibi dosent Elçin Abbasov elmi müəssisənin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, Folklor İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib.

Cari ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının icrası ilə bağlı Folklor İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş “ATTC-dən AMEA-ya uzanan yolun yolçuları: Azərbaycan folklorşünasları”, eləcə də Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə əlaqədar “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzularında elmi sessiyalar təşkil olunub.

AMEA Rəyasət Heyəti 2024-cü il oktyabrın 21-də Folklor İnstitutunda struktur islahatlarının aparılması haqqında qərar qəbul edib. Aparılan struktur islahatları nəticəsində institutun elmi və elmi-texniki şöbələrinin optimallaşdırılması və fəaliyyət istiqamətlərinin bir-biri ilə əlaqələndirilməsi təşkil olunub.

Bildirilib ki, 2025-ci ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 63 iş əsasında tədqiqatlar aparılıb. Ümumilikdə yarım il ərzində 2-si xaricdə olmaqla 15 kitab və monoqrafiya nəşr olunub. İnstitutda 1 elmlər doktoru və 3 fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya müdafiə edilib. İnstitutun Elmi şurası 3 nəfərə ixtisas üzrə dosent elmi adının verilməsi barədə Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıb. İnstitut əməkdaşlarından 2 nəfər elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

Hesabat dövründə Folklor İnstitutunun təşkilatçılığı və ya həmtəşkilatçılığı ilə 1 beynəlxalq simpozium, 1 beynəlxalq konfrans, 1 respublika səviyyəli konfrans, 2 elmi seminar, 3 elmi sessiya, 3 anım tədbiri, 1 təqdimat mərasimi, 2 elmi-kütləvi tədbirin keçirildiyi diqqətə çatdırılıb.

Diqqətə çatdırılıb ki, “Scopus” və “Web of Science” bazalarında institutun 17 əməkdaşı təmsil olunub. Qeyd olunub ki, “Dədə Qorqud” jurnalının 2025-ci il I nömrəsi DOİ indeksi ilə təmin edilib.

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru Səfa Qarayev çıxış edərək Folklor İnstitutunun 2025-ci il üzrə yarımillik elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatını yüksək dəyərləndiriblər.

Elmi şuranın iclasında gündəlikdə olan digər məsələlər, o cümlədən folklorun sahədən toplanılması və sistemləşdirilməsi ilə bağlı görülən işlərin keyfiyyətinin yüksəldilməsi, elmi müəssisədə aparılan nəzəri və tətbiqi tədqiqatların geniş müzakirəsinin təşkili üçün İntellektual dialoq platformasının yaradılması barədə qərar qəbul olunub.

İclasda, həmçinin Folklor İnstitutunun bəzi əməkdaşları elmi və elmi-təşkilati fəaliyyət sahəsində səmərəli xidmətlərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər.

Seçilən
9
5
azertag.az

10Mənbələr