AZ

DİM-dən abituriyentlərə ali məktəblərlə bağlı ÇAĞIRIŞ

30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq.

News365.az xəbər verir ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisələri təmsil olunacaqlar.

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgidə, həmçinin, ali təhsil müəssisələrinin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunacaq.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.
//portal.dim.gov.az/sergi/

Qeyd: Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Seçilən
2
50
news365.az

10Mənbələr