AZ

Rəşad Tağıyev: “Şəmkir kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə ölkədə liderdir”

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən təşkil olunan silsislə xarakterli Aqrar Biznes Festivalının növbəti dayanacağı Şəmkirdə olub.

Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan festivalın açılış mərasimi Şəmkir Rayon Heydər Əliyev Mərkəzində baş tutub. 

Açılış nitqi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tədbir iştirakçılarını salamlayaraq aqrar sektorun milli iqtisadiyyatın strateji istiqamətlərindən biri olduğunu vurğulayıb. 

Şəmkirin kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə respublikada lider olduğunu qeyd edən Rəşad Tağıyev yüksək nəticələrin əldə olunmasında dövlət tərəfindən sektorun inkişafı üçün yaradılan şəraitin, tətbiq edilən güzəşt mexanizmlərinin xüsusi önəm kəsb etdiyini bildirib. 

2023-cü ildə rayonda 746,7 milyon manatlıq kənd təsərrüfatı məhsulunun istehsal edildiyini, 2024-cü ildə isə bu göstəricinin daha da artırılaraq 795,5 milyon manata çatdırıldığını qeyd edən icra hakimiyyətinin başçısı davamlı və dayanıqlı inkişafın təmin olunması üçün qarşıda duran mühüm vəzifələrdən və çağırışlardan bəhs etdi. O bildirdi ki, kənd təsərrüfatının idarə olunmasında müasir texnologiyaların, innovativ yeniliklərin tətbiq olunması, rəqəmsallaşdırma sahəsində işlərin sürətləndirilməsi, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, torpaq və su resurslarından səmərəli istifadənin təşviqi aqrar sektorun inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Daha sonra çıxış edən Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov silsilə xarakterli Aqrar Biznes Festivallarının mərhələli şəkildə respublikanın bütün bölgələrində keçirildiyini bildirdi. O qeyd edib ki, festivalların keçirilməsində məqsəd rayonların kənd təsərrüfatı sahəsində potensialını nümayiş etdirmək, fermerləri innovativ həllərə əsaslan texnoloji yeniliklərlə bağlı məlumatlandırmaq, dövlət və özəl qurumlar arasında əməkdaşlığı gücləndirmək, bu sahədə fəaliyyət göstərən şirkətlər arasında təcrübə mübadiləsini təmin etməkdir.

Tədbirdə çıxış edən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev keçirilən festivalın fermerlər tərəfindən rəqabətqabiliyyətli yüksək məhsuldar sertifikatlı tərəvəz toxumlarına əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb, festivalın stendlərində bu qəbildən olan müxtəlif toxumların nümayiş etdirildiyini, həmçinin fermerlərə bu istiqamətdə məsləhət xidmətlərinin göstərildiyini bildirib.

Daha sonra festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə çıxış edən spikerlər dövlət tərəfindən kənd təsərrüfatı sahəsində göstərilən dəstək mexanizmləri, güzəştlər, subsidiyalar, həmçinin aqrar sığorta mexanizmi haqqında məlumat verib, fermerlərin suallarını cavablandırıblar.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Şəmkir

Seçilən
1
40
xalqqazeti.az

10Mənbələr