AZ

“Get başqa adamla gündəm ol, məndə daha hövsələ qalmayıb” - Tacir Şahmalıoğlundan Əminəyə CAVAB - ÖZƏL

“İndi sənət rol oynamır. Bizim sənətimizin bu səviyyədə xalq tərəfindən qəbul olunaraq, zamanında sevilməsi millətimizin zövqündən irəli gəlirdi. Bu gün artıq millətin zövqünü korlayıblar. Hər şey göz qabağındadır. Necə ki, Azərbaycana maşın axını var, elə də müğənni axını çoxalıb. Səs var ya yoxdur, bunun heç bir önəmi yoxdur. Əsas odur müğənni olsunlar. Olan da millətə, xalqa olur. Onların zövqü korlanır. Ona görə də musiqimiz bu vəziyyətdədir”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.
 
O daha sonra bildirib ki, sənətkarların yetişməsi üçün zaman lazımdır:
 
 
“Mən dağlar oğluyam. Çətinliklər, dağlar, təpələr, düzlər keçmişəm. Müharibə görmüşəm. Məni sənətkar edən bunlar olub. İndi nə yaratmaq mümkündür ki? Səs var, amma istedad yaranmır. Bu çətin söhbətdir. Sağ olsun cənab prezidentimiz, igid oğullarımız torpaqlarımızı geri qaytardı. O torpaqlara köç karvanı yola düşür. İndi qalıb orada yaşayıb yaratmağımız. O torpaqda hələ bundan sonra istedadlar yetişəcək. Hər şeyin zamanı var. Bu gün müğənnilərin ömrü bir ildir. 1 ildən sonra müğənni də yaddan çıxır, mahnısı da. İndi yaradıcılıq yoxdur. Bu günlərdə bir məclisdə idim. Mənə dedilər ki, siz niyə səhnədə hərəkət etmirsiz? Dedim ki, səhnədə hərəkət varsa, oxumaq yoxdur. Oxumaq varsa hərəkət yoxdur. Hərəkətlə oxumaq tutmur. Bizim millət hələ bunun fərqində deyil. Demirəm ki, daha tam hərəkətsiz olmaq lazımdır. “Səhnə hərəkəti” deyilən bir dərs var. Bunu universitetlərdə keçirlər. Bu gün əksəriyyət fanaqram oxuduğu üçün əl və qolla şou göstərirlər. İndi kəllə, yumruq, dava, saçyoldu gündəmdədir. O bunun ailəsini təhqir edir, bu onun ailəsini. Biri deyir ki, mən 10 dəfə ərə getmişəm, güclü qadınam. O biri də deyir ki, mən 15 dəfə ərə getmişəm. İnsanlar da buna baxırlar. Orada mütləq bir kəllə atmaq, saç yolmaq lazımdır. Getdiyin yerdə səhnədə yıxılmalısan ki, gündəm olasan. Oxumaqla gündəm olmaq olmur. Hələ bir neçə il sonra bugünki günümüzə şükür edəcəyik. Bu gedişatla bunlar da olacaq”, - deyə sənətkar bildirib.
 
Tacir Şahmalıoğlu daha sonra oxuduğu, mərhum müğənni Elnur Valehin müəllifi olduğu “Ölüm haqdır” mahnısının müğənni Əminə Şirinin ona qadağan etməsinə də münasibət bildirib:
 
“Deyəsən bu xanım da gündəm olmaq istəyir. İstəyir mənimlə gündəmə gəlsin. Məndə daha elə hövsələ qalmayıb. Həmin mahnını Elnur Valeh şəxsən mənim özümə hədiyyə edib. Buna şahid dostlar da var. Pul da təklif etmişəm, amma Elnur götürməyib. Dedi ki, mən sənə pulla mahnı satmaram, sənə qurbandır. Allah ona qəni-qəni rəhmət etsin. Bu xanıma demək istəyirəm ki, başqa adamlarla get gündəm ol”, - deyə Tacir Şahmalıoğlu bildirib.
 
Qeyd edək ki, Əminə Şirin mövzu haqda “mahnıya pul ödəyib almışam, ancaq mən ifa edə bilərəm” deyə münasibət bildirmişdi.
Seçilən
15
37
moderator.az

10Mənbələr