II YAZI
Qərbi Azərbaycandan zülmlə köçürülüb, didərgin salınan əhalimizin bir qismi Naxçıvan Muxtar Respublikası ərazisində məskunlaşıb. Deyirlər, dərdli adam sözlə yanar. Qərbi Azərbaycan camaatının dərdi ağrılı bir ədəbiyyat yaratdı. Ortaya çıxan şeirlər onların dualarına döndü, arzularına, niyyətlərinə çevrildi. Naxçıvan ədəbi mühitində tanınıb-seçilən şair Ramiz Babayev də Şıxmahmud qəsəbəsində məskunlaşan Dərələyəzli el ziyalılarından biridir. Torpağa bağlılıq, yurd məhəbbəti onun əsərlərinin əsas qayəsini, başlıca xüsusiyyətlərini kəsb edir. "Nənəmə bir ovuc torpaq borcluyam", "Məni o yerlərə qaytar, ay Allah", "Dağlar", "Qədrini bilsən", "Öldürəcək məni" kimi şeirlərində məhz bu motivlər ön planda dayanır. Ramiz Babayevin şeirləri içərisində məzmununda yurd həsrəti, el-oba məhəbbəti olan əsərlər də az deyil. Torpağa bağlılıq, yurd məhəbbəti onun əsərlərinin əsas qayəsini, başlıca xüsusiyyətlərini kəsb edir. "Nənəmə bir ovuc torpaq borcluyam", "Məni o yerlərə qaytar, ay Allah", "Dağlar", "Qədrini bilsən", "Öldürəcək məni" kimi şeirlərində məhz bu motivlər ön planda dayanıb. "Nənəmə bir ovuc torpaq borcluyam" şeirində yurd həsrəti və od-ocaq bağlılığı özünü daha poetik sanballa göstərir:
Nənəmə bir ovuc torpaq borcluyam,
Tez-tez yuxularda istəyir onu.
Öləndə gözləri üzümdə qaldı,
Nakam arzusunun yetişdi sonu.
...Nənəmə bir ovuc torpaq borcluyam,
Bulaqlar kəndindən gətirəm gərək.
Babamın qəbrindən, ayaq tərəfdən,
Nənəm deyən yerdən gətirəm gərək.
...Nənəmə bir ovuc torpaq borcluyam,
İllər illər üstə qalanıb gedir.
Nənəmə bir ovuc torpaq borcluyam,
Dözüb gözləməkdən əyilib qəbir.
"Məni o yerlərə qaytar, ay Allah" şeirində doğma yerlərə həsrət özünün ən mükəmməl poetik ümumiləşməsini tapıb:
Çuxur, bağ yolunda itib izlərim,
Dik daşın üstündə qalıb gözlərim.
Talanıb, dağılıb kəndim, şəhərim,
Məni o yerlərə qaytar, ay Allah.
Ağdaban, Bazarçay yaylağım hanı?
Ver mənə Damcını, o Əhlimanı.
Neynirəm onlarsız mən bu dünyanı?
Məni o yerlərə qaytar, ay Allah.
Elə "Dağlar" adlı şeirdə də bu həsrət və nigaranlığı duymaq, yaşamaq mümkündür:
İgidin atı yüyənsiz,
Dağların dumansız, çənsiz.
Necə yaşayırsan mənsiz?
Sən, ay dağlar, sən, ay dağlar.
...Zirvələrin zirvəsi qar,
Tənha qalıb, itib yollar.
Məni keçmişimə qaytar,
Sən, ay dağlar, sən, ay dağlar.
Şair Zaur Vedilinin "O yallar", "Bizim dağlara", "Sədərəkdən Vedi qoxusu gəlir", "Kaş qayıda Xalisalı günlərim", "Vedisiz göynəyir Zaur Vedili", "Xalisa həsrəti, Vedi həsrəti", "Məktub yazmaq istəyirəm Vedimə", "Həsrətəm mən qucağına kəndimin", "Vətən dərdi, torpaq dərdi, el dərdi" kimi lirik şeirlərində, "Vüqarlı Azərbaycan" lirik poemasında Vətənin çalın-çarpaz dərdləri, həsrət və kədər notları, faciəli taleləri və qayıdış ümidləri poetik şəkildə əks olunmuşdur. "Vedisiz göynəyir Zaur Vedili" şeirində şair didərgin salındığı Vedinin - Qərbi Azərbaycan həsrətinin dərin kədərini dilə gətirmiş, bitməyən ağrı və dərdini qələmə almışdır:
Yoxdur nə gündüzüm, nə də ki gecəm,
Hicran dünyasında elə bil heçəm.
Kaş Həcər bulağın gözündən içəm,
Ola dərdlərimə məlhəm mərd əli,
Vedisiz göynəyir Zaur Vedili!
Xalisa nisgili qəddimi əydi,
Sanki ürəyimə bir güllə dəydi.
Bütün el mən geyən libası geydi,
Tanrım, bu bəladan sən qurtar eli,
Vedisiz göynəyir Zaur Vedili!
Zaur Vedili "O yollar" şeirində onu uşaqlığının şirin çağlarını qayğısız-qayğısız ata-analı, doğma el-obalı keçirdiyi zamanda didərgin salan mənfur, qansız düşmən fitnəsini lənətləyərək ayrılıq və köçkünlük dərdini sətirlərə çevirmişdir:
Məni doğma el-obamdan ayırıb,
Uşaq vaxtı qərib etdi o yollar.
Yol abadlıq. Yol xoşbəxtlik olsa da,
Ürəyimdə dərdtək bitdi o yollar.
Qoca, cavan yandı əcəl oduna,
Həsrət qaldıq Vedibasar yoluna.
And olsun o Vətənimin adına,
Məni yağtək tam əritdi o yollar.
Şair həm də inanır və tam əminliklə ümid bəsləyirdi ki, o doğma ellərə mütləq qayıdacaqlar. Çünki haqq nazilər, üzülməz deyiblər. Ona görə də şeirinin son bəndini qayıdış ümidi və inamı ilə tamamlamışdır:
Tanrım, eşit, hər duamı, sözümü.
Bir də görüm Xalisada özümü.
Gün olsun ki, mənim ağlar gözümü
Zaur, görək tam kiritdi o yollar.
Şairin aşıq şeiri tərzində gəraylı formasında yazdığı "Bizim dağlara" şeirində də vətən, el-ob həsrəti dağların obrazında ümumiləşdirilmişdir. Məlumdur ki, ədəbiyyatımızda dağ obrazı bir çox məna-məzmun xüsusiyyəti qazanaraq işlənmişdir. Dərdin ağır obrazı kimi də xüsusi yer almış, kədər, dərd, həsrət, nisgil kimi poetik çalarlar ifadə etmişdir. Bu baxımdan "Bizim dağlara" şeirində gəraylı şeir şəklinin səkkiz hecalı deyim ritminin 4/4 melodik biçimindəki təqtilərini məhz kədər və həsrət duyğularının ifadəsi baxımından istifadə etmişdir:
Yolum düşə, kaş ki gedəm.
Bizim dağlara, dağlara.
Neçə ildir mən həsrətəm
Bizim dağlara, dağlara.
Hicran qəlbi elə sıxır,
Alovunda külüm çıxır.
Ay taleyim, məni çağır
Bizim dağlara, dağlara.
Qərib şair (əlbəttə, elin o başı, bu başı olmaz, olmadığı kimi də, Vətən oğlu üçün vətənin hər yeri doğma və əzizdir. Lakin öz elindən didərginlik yaşamasına işarə olaraq şairə "qərib" həsrət epitetini işlətmişik - R.Q.) öz poeziyasında çox tez-tez Vedi, Vedibasar və Xalisa yer-yurd adlarından istifadə etmişdir. Məlum olduğu kimi, Vedi-Vedibasar Qərbi Azərbaycanda bir mahal olmuşdur ki, azərbaycanlıların ən qədim dövrlərdən kompakt məskunlaşaraq yaşadıqları vətən torpağının bir hissəsidir. Xalisa da bu mahalda, Vedi rayonunda bir kənd adıdır, şair Zaur Vedili də məhz bu kənddən didərgin salınan dərdli, dərdindən ürəyi sazlı-sözlü el şairlərindən biridir. Bunu da qeyd edək ki, erməni zalımlarının xalqımza qan uddurduğu, qan çanağına, faciə məkanına çevirdikləri, soyqırımı aktı törətdikləri yerlərdən biri də Xalisa olmuşdur ki, şair Zaur Vedili də bu faciənin qurbanlarından, o zülmün didərgin saldığı vətən övladlarından biridir.
Qərbi Azərbaycanın Dərələyəz mahalından, Gomur kəndindən didərgin düşüb Naxçıvanın Çalxanqala kəndində məskunlaşan gözəl el sənətkarı Aşıq Kamil öz yaradıcılığında elin, obanın dərdini bütün həssaslığı ilə əks etdirmişdir. Barlı-bəhərli Dərələyəz elindən didərgin salınan bu insanların hal-əhvalları onun da şeirlərində həsrəti, nisgili, ümid və inam parıltıları ilə birgə təqdim edilib. El şairinin "Dərələyəzdə", "Gomurum", "Vətən torpağının daşı gözəldir", "Bizim yerlərin", "Ağlasın", "Ağlayır", "Vətəndə", "Düşmüşəm", "Ağlaram" kimi şeirlərdə el şairi elinin, obasının həm dərdini, həm ümidlərini ifadə etmişdir. Aşıq Kamilin də şeirlərində dağlara müraciətlə yazılan çoxluq təşkil edir. Çünki Dağ Ulu Atadır, mərdlik və cəsarət ünvanıdır, əbədidir, heç zaman əyilməyən, həmişə susqun və etibarlı dərd və kədər ortağıdır. "Hanı Pənah xan, ay dağlar", "Kim gəlibdir təzə, dağlar", "Az qalırdı yaza, dağlar", "Bağlayıblar yolu, dağlar", "Dağlar", "Mənimlə qan ağlar sazım dağlara" və bu kimi nümunələrində məhz dağlara deyilən ağır bir elin dərd və kədər yanğısı var. Şair "Yoxdurlar adların siləndən bəri" şeirində erməni faşizminin zülm və işğalına üsyan qaldırır, dünyadan ədalət tələb edir, elinin dərdini dilə gətirir. Şair ermənilərin saxtakarlığını da bu şeirdə birbəbir göstərərək quzu donuna girib necə vəhşi bir xislətə malik olduqlarını ortaya qoymuş, Azərbaycan yer adlarını saxtalaşdıraraq necə erməniləşdirməyə çalışdıqlarını poetik şəkildə ifadə edilmiş faktlarla əks etdirmişdir:
Qəmərli Artaşan oldu, soldu,
Dəvəlisə Ararat erməni doldu.
Azəri elinə xəyanət oldu
Xankəndi Stepanakert olandan bəri.
Xnzorut qoyuldu Almalı adı,
Bazarkeçər vardı, Vardenis nədir?
Paşalı kəndinin qopdu fəryadı
Zaritap adını alandan bəri.
Cul adı silindi, Artavan oldu,
Terpin də ləqəbi Saravan qaldı.
Barciruna döndü Sultanbəy kəndi
Dığa Karen katib gələndən bəri.
Buna görə tədqiqatçı A.Bağırlı da ümumiləşdirərək göstərirdi ki, "Kamil müəllimin şeirlərində Dərələyəz, Zəngəzur, Göyçə, Vedi, Gomur, Axta, Gabut, Cul, Zeytə, Daylaqlı, Daşaltı, Kotanlı, Əmağu, Qovuşuq, Qabaxlı, Gülüdüzü, ələyəz, Gədikvəng, Xatun yaylağı, Qələndər çalası, Noyu dağı, Şahmirzə dağı, Göyçə gölü, İstisu, Meşə bulağı, Soyuq bulaq, Pünhan bulağı, Arpa çayı və s. adı keçən mahal, kənd, dağ, oba, göl, çay, bulaq adlarıdır". Bu cəhətdən Aşıq Kamilin yer-yurd adları ilə zəngin olan yaradıcılığı bir tərəfdən də Qərbi Azərbaycanımızın - Dərələyəz elinin tarixi-coğrafi söz xəritəsidir.
"Ruha can verir Dərələyəz mehi, Tapılmaz əvəzi bizim yerlərin", - deyə həsrət və nisgil çəkdiyini dilə gətirən, "Kamil də tərk etdi yurdu, yuvanı, Yönü düşüb ayrı yana, ağlayır", - deyə qan-yaş tökən el şairi Aşıq Kamil "Ağlayır" rədifli şeirində ürəyinin həsrətdən necə qan ağladığını, göz yaşı və dərddən zəif düşmüş qabar dolu yaralı ürəyinin halını təqdim etmişdir:
Sağaltmaq çətindir vətən yarasın,
Düşmənlər səpdikcə bina ağlayır.
Təbiblər, loğmanlar tapmır çarəsin,
Balasın itirən ana ağlayır.
Tutulub bərəsi, kəsilib yolu,
Solubdur vətənin çiçəyi, gülü.
Sonasız qalıbdır dağların gölü,
Gölündən ayrılan sona ağlayır.
"Mənimlə qan ağlar sazım dağlara" şeirində də şair doğma yurd yerlərinə olan həsrət duyğularını ifadə etmişdir:
Çəmən yaşıllaşır, gül çiçəklənir,
Uzaqdan yol çəkir gözüm dağlara.
Ürəyim istəyir, könlüm diləyir,
Qoymurlar getməyə bizim dağlara.
...Kamil xatırlayır dağı-dərəni,
Yamacda sürünü, zirvədə çəni.
Yaş ötdü, qocaldım, bu son vədəni,
Nə ola gedəydim özüm dağlara.
Şair "Ağlasın" rədifli şeirində eldən-obadan didərgin düşənlərin dərdini bir az da ictimailəşdirir, bütün aörısını və ağırlığını "qan ağlayan" sözlərlə təqdim etmişdir:
Ayrılmaq çətindir vətəndən, eldən,
Bülbül ayrı düşüb çəməndən, güldən.
Gomurdan, Köçbəkdən, səfalı Culdan
Didərgin düşənlər gəlib ağlasın.
Beləliklə, Vətənindən - doğma Qərbi Azərbaycan elindən didərgin düşən el şairlərinin qələmindən süzülüb gələn yaradıcılıq nümunələrində bir vətən ağlayıb, bir el göz yaşı töküb, bir obanın dərdi, kədəri, faciəsi təqdim olunub, bir bədii tarix yaranıb. Naxçıvanda məskunlaşaraq yaşayan ürəyi dolu insanlar öz el-obalarına olan məhəbbəti, ordan ayrılmanın həsrət və nisgilini, bir də o doğma yerlərə qayıtmağın ümid və inamını əks etdiriblər. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən qərarları ilə Müzəffər Ordumuz düşmən üzərində qəti qələbə çalaraq doğma Qarabağımızı işğaldan azad elədi. İndi isə işğaldan azad edilmiş doğma el-obaya Böyüdüş Qayıdış həyata keçirildiyi kimi, Qərbi Azərbaycana da qayıdış işləri həyata keçirilməkdədir. Xalqımız da, qərib ellərdə qalan o yurd yerlərimiz də əmindirlər ki, qovuşacağımız gün uzaqda deyil və biz mütləq qayıdacağıq. "Biz mütləq torpaqlarımıza qayıdacağıq! Özü də ləyaqətlə qayıdacağıq!" qətiyyəti ilə çıxış edən Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə də dediyi kimi: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar!"
RAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent