Pentaqon Çin Silahlı Qüvvələrinin inkişaf edən raket imkanlarından ciddi narahatlıq keçirir. Xüsusilə də "Guam ekspresi" kimi tanınan DF-26 raketinə xüsusi diqqət yetirilir...
Poliqon-nun məlumatına görə, Business Insider nəşri ABŞ-ın yüksək rütbəli generallarından birinə istinadən bildirir ki, artıq uzun illərdir Pentaqon Çin raket arsenalının artımını izləyir. Raketlərin uçuş məsafəsi və ehtiyatları, mümkün münaqişə zamanı həm ABŞ-ı, həm də onun Asiya-Sakit okean regionundakı müttəfiqlərini risk altına salır.
Keçən həftə Senatın ayırmalar komitəsində çıxışı zamanı ABŞ Kosmik qüvvələrinin rəhbəri, general B. Çens Zaltsman bildirdi ki, Çin Xalq Azadlıq Ordusu yerüstü hədəflərə qarşı peyk əsaslı hədəf seçmə sistemi yerləşdirib. Onun sözlərinə görə, bu "hörümçək toru" silahların həm dəqiqliyini, həm də məsafəsini artıraraq ABŞ qüvvələrini təhlükəyə salır. Zaltsman əlavə edib ki, ABŞ Kosmik qüvvələrinin qarşısında bu "toru" darmadağın etmək kimi çətin vəzifə durur, əgər iki ölkə arasında müharibə baş verərsə.
May ayında etdiyi çıxışda Zaltsman bu sistemi ABŞ-da "ölüm toru" adlandırdıqlarını açıqlamışdı. O qeyd etmişdi ki, bu sistem yüzlərlə peykdən ibarət sensor şəbəkəsidir və ABŞ qüvvələri haqqında real vaxtda yüksək keyfiyyətli məlumatlar təqdim edir.
"Çin raket qüvvələri yeni silahlara böyük investisiyalar yatırır. ABŞ Müdafiə Nazirliyinin Çin ordusu ilə bağlı illik hesabatlarında həm raket ehtiyatlarının, həm də buraxılış qurğularının artımı qeyd olunur. DF-26 ballistik raketi, "Guam ekspresi" və ya "Guam qatili" adlandırılır, çünki təxminən 4828 km uzaqlıqdakı ABŞ-ın Quam adasındakı qüvvələrinə çata bilir. Eyni zamanda, bu raket gəmi əleyhinə də istifadə edilə bilər və buna görə də DF-21D raketi kimi "aviadaşıyıcı qatili" adını da alıb", deyə nəşr yazır.
Pentaqonu yalnız DF-26 deyil, digər Çin ballistik raketləri də narahat edir. Məlumata görə, bunlara DF-17 və DF-27 kimi hipersəs raketləri, DF-15 kimi qısa mənzilli ballistik raketlər daxildir. Bu silahlar Pekinə Tayvana asanlıqla zərbə endirmək imkanı verir. Həmçinin, DF-5, DF-31 və daha müasir DF-41 kimi qitələrarası ballistik raketlərə dair narahatlıqlar da mövcuddur.
Məqalədə vurğulanır ki, bu arsenal yalnız ballistik raketlərlə məhdudlaşmır – Çin qanadlı raketləri də təhlükə yaradır. Ötən il Pentaqonun Çin ordusu ilə bağlı hesabatında göstərilirdi ki, Pekin raket sensorlarının təkmilləşdirilməsi üçün süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə etməyi planlaşdırır. Bu, raketlərin dəqiqliyini daha da artıra bilər.
Business Insider əlavə edir ki, bu "ölüm toru"nun əsas hissəsini kəşfiyyat dronları və peyklər təşkil edə bilər. Bu konsepsiya ənənəvi döyüş dövrəsinin təkamülüdür və sistemlərin və domenlərin bir-biri ilə daha çox əlaqəli olmasını, habelə xarici müdaxilələrə qarşı dayanıqlığı nəzərdə tutur. ABŞ da öz "torunu" genişləndirmək üzərində fəal işləyir.
Senat dinləmələrində ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi bildirib ki, müxtəlif xidmət sahələri arasında işləyə biləcək, qarşılıqlı əlaqəli, çoxplatformalı sistemlərin yaradılması zərurətini qəbul edirlər. Bu isə həmən "ölüm toru"nun bütün komponentlərinə – ənənəvi platformalardan və rabitə vasitələrindən tutmuş süni intellekt sistemləri və silahlanmaya qədər – investisiyalar tələb edir.
Poliqon.info