AZ

Xankəndiyə qatar: Tezliklə çatar!

Prezident İlham Əliyevin iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyması, Azərbaycanın post-müharibə mərhələsində həyata keçirdiyi əsas layihələrdən biri kimi dəyərləndirilə bilər. Bu təşəbbüs təkcə nəqliyyat sahəsinə aid bir texniki yenilik deyil, həm də ölkənin milli strategiyasının bir neçə vacib istiqamətində paralel təsir yaradan çoxqatlı layihədir.

Ağdam–Xankəndi dəmir yolu xəttinin inşası Qarabağın ölkənin iqtisadi sisteminə fiziki olaraq birləşdirilməsini təmin edəcək. Yolun uzunluğu əsas xətt üzrə 28 km, əlavə yollarla birlikdə isə 34,7 km təşkil edir. Bu, bölgədə iqtisadi dövriyyənin artmasına, logistik imkanların genişlənməsinə və bazarların əlçatanlığının yüksəlməsinə səbəb olacaq.

Əsgəran və Xocalı stansiyalarının fəaliyyətə başlaması da bölgə daxilində və onunla kənar regionlar arasında nəqliyyat axınını daha stabil və səmərəli formaya gətirəcək. Bu isə kənd təsərrüfatı məhsullarının daşınması, tikinti sektorunun təminatı, xidmət sahələrinin inkişafı və investisiya mühitinin sabitləşməsi baxımından önəmlidir. Əldə olunan nəticələr təkcə lokal deyil, həm də makroiqtisadi səviyyədə hiss olunacaq.

Layihənin sosial çəkisi də az əhəmiyyət daşımır. Qarabağa Böyük Qayıdış proqramının uğurla icrası üçün ilk şərtlərdən biri müasir infrastrukturun yaradılmasıdır. Dəmir yolu və avtovağzal kompleksi, əhalinin bölgəyə təhlükəsiz, rahat və sürətli şəkildə qayıtmasını təmin etmək üçün vacib texniki baza rolunu oynayacaq. Bu yol həm də regionda dayanıqlı məskunlaşmanı təşviq edəcək, çünki daimi nəqliyyat əlaqəsi olmadan istənilən köç proqramı davamlı nəticə vermir.

Eyni zamanda bu layihə, Xankəndidə və ətraf ərazilərdə gələcəkdə formalaşacaq iqtisadi və sosial məkanların – təhsil, səhiyyə, turizm və digər xidmət sahələrinin – inkişafına şərait yaradacaq. Qayıdış yalnız fiziki köç deyil. Bu, sosial adaptasiya və normal yaşayış mühitinin təminidir. Dəmir yolu bu baxımdan həlledici vasitədir.

Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi infrastruktur siyasəti təkcə milli səviyyədə deyil, həm də regional kontekstdə əhəmiyyət kəsb edir. Son illərdə istər hava limanları, istər avtomobil yolları, istərsə də dəmir yolları vasitəsilə formalaşan bu sistem, ölkənin Cənubi Qafqazda nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində ardıcıl addımlardır.

Ağdam–Xankəndi xətti, Bərdə-Ağdam xətti ilə birləşərək Qarabağda ikinci əsas dəmir yolu magistralını formalaşdıracaq. Bu xətt, gələcəkdə Zəngəzur dəhlizi layihəsi ilə inteqrasiya olunduqda, beynəlxalq əhəmiyyətli tranzit marşrutuna çevrilə bilər. Beləliklə, layihə Azərbaycanın regiondakı geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək.

Layihənin siyasi əhəmiyyəti də diqqətdən kənarda qala bilməz. Dəmir yolu xəttinin və stansiyaların inşası faktiki olaraq dövlət suverenliyinin texniki ifadəsidir. Qarabağda dövlətin quruculuq fəaliyyəti yalnız inzibati və ya hərbi deyil, həm də mülki və infrastruktur sahələrində özünü göstərir. Bu isə həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: Azərbaycan ərazisinin hər nöqtəsində idarəedici və infrastruktur təminat imkanlarını öz suveren iradəsi ilə həyata keçirir.

Seçilən
11
11
aznews.az

10Mənbələr