
Məşhur Hollivud aktyoru Maykl Madsen 67 yaşında dünyasını dəyişib. NBC telekanalının məlumatına görə, aktyorun meneceri Ron Smit Madsenin ölüm xəbərini təsdiqləyib.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, amerikalı məşhur aktyor iyul ayının 3-də Malibu şəhərindəki şəxsi evində huşsuz vəziyyətdə tapılıb. Daha sonra hadisə yerinə çağırılan həkimlər Madsendə həyat əlamətləri olmadığını və onun çoxdan öldüyünü müəyyən ediblər.
Smitin sözlərinə görə, Madsenin ölümünə səbəb qəfildən ürək dayanmasıdır.
Aktyorun vəfatı ilə bağlı ilkin tədqiqatlara başlayan yerli polis bildirib ki, əsas və inandırıcı versiyaya görə, 67 yaşlı məşhurun ölümü təbii səbəblərdən baş verib.
Qeyd edək ki, Hollivudun tanınmış aktyoru kimi Maykl Madsen 170-dən çox filmdə rol alıb. Eyni zamanda o, daha çox məşhur kinorejissor Kventin Tarantinonun "Quduz itlər", "Billi öldürməli" və "İyrənc səkkizlik", eləcə də Mayk Nyuelin "Donni Brasko", həmçinin Robert Rodriqes ilə Frenk Millerin birgə lentə aldığl "Günahlar şəhəri" filmində də bir neçə rolu ifa edib.
"Ulduz" sözündən xoş gəlməyən, sənətçi kimi nizam-intizamı ilə onu tanıyanlara örnək olan sevimli aktyor M. Madsen öz kino karyerası ərzində onlarla Hollivud ulduzu ilə eyni filmdə tərəf-müqabil olub.
Oqtay QORÇU