Əli Mustafa: “Ermənilər Rusiyanın siyasi texnologiyalarını çözüblər və Kremlin planları alınmır”
Son dövrlər diqqəti çəkən məqam odur ki, Ermənistan hakimiyyəti son günlər Azərbaycanın Rusiya ilə bağlı qəti mövqe ortaya qoymasından cəsarətlənib. Məhz bundan sonra Alen Simonyan Rusiya telekanallarının bağlanmasının vacib olduğunu bildirdi.
İndi də Ermənistan parlamenti həbsdə olan biznesmen Samvel Karapetyanın şirkətini milliləşdirir. Belə ki, Karaprtyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Parlamentdə 65 deputat qanun layihəsinin lehinə, 30 deputat isə əleyhinə səs verib. Sənədə parlamentin növbədənkənar iclasında sürətləndirilmiş rejimdə baxılır. İkinci oxunuş da yaxın zamanda baş tutacaq. Nəzərə almaq lazımdır ki, Karapetyan Rusiyanın Paşinyanın yerinə gətirmək istədiyi əsas adamlarından biridir.
“Belə bir mürəkkəb vəziyyətdə Azərbaycan da maraqlı olmalıdır ki, hakimiyyətdə Paşinyan qalsın”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa bildirdi ki, Karapetyan Rusiyanın Ermənistanda hakimiyyətə gətirmək istədiyi növbəti fiqurdur: “Rusiya 2012-ci ildə Gürcüstanda Bidzina İvanişvilini necə hakimiyyətə gətiribsə, indi də Samvel Karapetyanı Ermənistanda hakimiyyətə gətirmək istəyir. Ondan əvvəl Ruben Vardanyan şişirdərək hakimiyyətə gətirmək istəyirdi, amma alınmadı. Azərbaycanın Qarabağda öz suverenliyini tam bərqərar etməsi Rusiyanın Vardanyan planını pozdu. Ancaq belə görünür ki, Rusiyanın Karapetyan layihəsi də alınmayacaq. Məsələ ondadır ki, artıq ermənilər Rusiyanın siyasi texnologiyalarını çözüblər və bu səbəbdən Kremlin planları alınmır. Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinə gəldikdə isə, bu, qabaqlayıcı addımdır. Çünki bu, Rusiyanın bir rıçaqı idi. Paşinyan yaxşı bilir ki, şirkətin arxasında Rusiya var. Ancaq Rusiya milliləşdirməyə mane ola bilməyəcək. Paşinyan hakimiyyəti mərhələli şəkildə Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışır. Çünki asılılıq əhəmiyyətli dərəcədə böyükdür və bu da onları narahat edir. Ermənistan həssas dönəmə qədəm qoyub. Seçkilərə bir ildən az vaxt qalıb. Ancaq revanşist müxalifət kilsə ilə qüvvələrini birləşdirərək hakimiyyəti devirməyə çalışır. Belə bir mürəkkəb vəziyyətdə Azərbaycan da maraqlı olmalıdır ki, hakimiyyətdə Paşinyan qalsın. Düzdür, revanşistlərin hakimiyyətə gəlməsi o demək deyil ki, Qarabağı yenidən işğal edəcəklər. Əsla bu baş verməyəcək. Çünki mümkün görünmür. Ancaq onlar arxalarına Rusiyanı alaraq vəziyyəti gərginləşdirəcəklər. Sülh sazişini imzalamayacaqlar və s. Lakin reallıq odur ki, artıq Cənubi Qafqaz Rusiyanın təsir dairəsindən çıxır. Çünki Rusiya mütərəqqi dövlət deyil. Mütərəqqi imperiya da deyil. Ona görə də bu ölkənin işğalında, himayəsində olmaq ikiqat müsibətdir. Hesab edirəm ki, Cənubi Qafqaz xalqları artıq bunu anlayıb”.
Vidadi ORDAHALLI