Pentaqonun Ukraynaya bəzi silah tədarüklərini dayandırmaq qərarı bu kimi məsələlər barədə adətən ətraflı məlumatlandırılan şəxsləri — o cümlədən Konqres üzvlərini, Dövlət Departamenti rəsmilərini və əsas Avropa müttəfiqlərini belə çaşqın vəziyyətdə qoyub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.
Gözlənilməz sayılan bu addım xüsusən də aparıcı respublikaçılar arasında narahatlıq və məyusluq doğurub,. Bildirilir ki, yüksək vəzifəli Pentaqon rəsmilərindən biri bu qərara qeyri-proporsional şəkildə təsir göstərib.
ABŞ rəsmilərindən biri qeyd edib ki, Pentaqonun qərarı koordinasiyasız olub və Dövlət Departamentini hazırlıqsız yaxalayıb.
Digər iki ABŞ rəsmisi isə bildirib ki, Pentaqon rəhbərliyi bu tədarükün ləğvindən əvvəl nə Dövlət Departamentindən, nə ABŞ-ın Kiyevdəki səfirliyindən, nə də Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kellogqın komandasından heç bir məlumat və ya rəy tələb etməyib. Həmin partiya həyati əhəmiyyət daşıyan silahlardan ibarət olub və artıq Polşa ərazisinə çatdırılmışdı.
Ağ Ev və Dövlət Departamenti isə bu silah tədarükünün dayandırılmasının administrasiya rəsmilərini hazırlıqsız yaxaladığı iddialarını rədd ediblər. “Bu yalandır,” – deyə Ağ Ev nümayəndəsi bildirib.
Musavat.com