Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə mühüm qərar qəbul edib.Metbuat.az xəbər verir ki, bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 256 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə həyata keçirilib. Qərara əsasən, valideyn himayəsindən məhrum uşaqlara əvvəlki kimi paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla təminat və ya 265 manat məbləğində kompensasiya verilməsi və ölkə üzrə orta aylıq əmək haqqının beş mislinin verilməsi praktikasına son verilir.Yeni qaydaya görə, bu uşaqlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən bir dəfəlik 6000 manat məbləğində pul yardımı veriləcək.Müvafiq dəyişiklik Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına əlavə olunub.Eyni zamanda, 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarla təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na da dəyişiklik edilib. Qaydaların 5.24.3-cü yarımbəndindən “və kompensasiyalar” və “və paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası” sözləri çıxarılıb.Qəbul edilən bu dəyişikliklər valideyn himayəsindən məhrum uşaqların sosial rifahının yüksəldilməsinə və daha səmərəli dəstək mexanizmlərinin formalaşdırılmasına xidmət edir.