Futbol üzrə İngiltərə milli komandasının da üzvü olan mərkəz müdafiəçisi Carred Brantueyt “Everton”la yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
İngilis futbolçunun yeni müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmə 2027-ci ilin 30 iyununa qədər idi.
Carred Brantueyt 2020-ci ilin yanvar ayından “Everton”da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol ötürməsi edib. Brantueyt “Everton”da bütövlükdə 86 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İngilis futbolçu “Everton”dan öncə PSV, “Karlayl Yunayted”, “Bləkbörn” kimi klubların da formasını geyinib.
Brantueyt 2024-cü ilin iyun ayında debüt etdiyi İngiltərə milli komandasında cəmi 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
