Rusiyanın Donanma Komandanının müavini, general-mayor Mixail Qudkov Ukrayna ilə döyüşlərin davam etdiyi Kursk bölgəsində həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Uzaq Şərq bölgəsinin valisi Oleq Kozemyako məlumat yayıb. Onun sözlərinə görə, Qudkov cəbhə xəttində Ukraynaya qarşı döyüşən bir hərbi briqadaya da rəhbərlik edib və Kurskun Korenevo qəsəbəsində yerləşən komanda məntəqəsinə təşkil olunan Ukrayna hücumu zamanı 10 hərbçi ilə birgə həyatını itirib. Rusiya və Ukraynanın qeyri-rəsmi hərbi kanalları daha əvvəl hücumun məhz rus komanda mərkəzinə yönəldiyini bildirmişdi.
Bu hadisə 2022-ci ildə müharibə başladıqdan sonra həlak olan ən yüksək rütbəli Rusiya hərbiçilərindən biri kimi qiymətləndirilir. Kozemyako bildirib ki, Qudkov Donanma Komandanının müavini təyin olunmasına baxmayaraq, ön cəbhədəki hərbçilərlə birbaşa təmasda qalmağa davam edib və tez-tez döyüş mövqelərinə baş çəkib. Qudkov döyüşlərdə göstərdiyi şücaətə görə Rusiya tərəfindən mükafatlandırılmışdı. Lakin Ukrayna onu müharibə cinayətlərində ittiham edirdi. Rusiya Prezidentinin rəsmi saytında yer alan məlumata görə, Vladimir Putin bu ilin mart ayında Mixail Qudkovu Donanma Komandanının müavini vəzifəsinə təyin etmişdi.
Bəsti Rəfizadə
Sfera.az