Bu ilin ikinci rübündə (aprel-iyun ayları) Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 11,87 ABŞ dolları təşkil edib, bu da ötən ilin aprel-iyun aylarının göstəricisi ilə (10,03 dollar) müqayisədə 18,3% çoxdur.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ilin birinci rübünün göstəricisi (14,41 dollar) ilə müqayisədə aprel-iyun aylarında Avropada təbii qazın orta qiyməti 17,6% azalıb.
Bildirilir ki, bu ilin iyun ayında Avropada qazın orta qiyməti 12,37 dollar səviyyəsində olub, bu da may ayının göstəricisi (11,66 dollar) ilə müqayisədə 6,1% artım deməkdir.
Məlumata görə, yanvar-aprel aylarında ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 3,18 dollar təşkil edib, bu da ötən ilin ikinci rübünün göstəricisi ilə (2,08 dollar) müqayisədə 52,9% çoxdur. ilin birinci rübünün göstəricisi (4,15 dollar) ilə müqayisədə isə aprel-iyun aylarında ABŞ-da təbii qazın orta qiyməti 23,4% azalıb.
Cari ilin iyun ayında ABŞ-da təbii qazın orta qiyməti 3,02 dollar olub, bu da may ayının göstəricisi (3,12 dollar) ilə müqayisədə 3,2% azdır.
Bildirilir ki, 2024-cü ildə Avropa və ABŞ-da qazın orta qiyməti müvafiq olaraq 10,96 dollar (16,4% azalma) və 2,19 dollar (13,8% azalma) təşkil edib.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.