AZ

Bəxtiyar Məmmədov: “Mətbuat güclü olduqca, cəmiyyətdə tarazlıq və inkişaf olacaq” - MÜSAHİBƏ

“Mətbuat sadəcə, xəbərçi deyil, cəmiyyətin aynasıdır və onu inkişaf etdirən əsas qüvvədir”.

Bu sözləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı “Cebheinfo.az”-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Bəxtiyar bəy, siz mediaya ən açıq mətbuat katiblərindən birisiniz. Metroda nə baş verməsindən asılı olmayaraq, hər xəbərə anında rəsmi cavab verilir. Bu operativliyə necə nail olmusunuz? 

- Operativlik günün tələbidir. Əslində, bu qaydadır. İctimaiyyətin, xüsusən sərnişinlərin vaxtında məlumatlandırılması xidmət mədəniyyətinə, iş keyfiyyətinə və nüfuza təsir edən əsas amildir. Metro sürətli, operativ, ən əsası, tıxacı olmayan nəqliyyat növüdür. Hər kəs bilir ki, yerin altında onu mümkün ən kiçik intervalla mənzil başına çatdıracaq bir sistemli orqanizm var. Təbii ki, kim yaxşı işləyirsə, ona tələbat da, tələb də artır. 

Bu mənada sözləriniz işimizə verilən qiymətdir. Müasir dövrdə kommunikasiya fəaliyyətinə diqqət, tələb get-gedə artır. Bu, ilk növbədə, mətbuatımızın gücünün və tələblərinin artmasının, bir institut kimi güclənməsinin göstəricisidir. 

Vaxtilə mətbuat xidmətləri hər bir qurumda ikinci-üçüncü dərəcəli bir sahə idi, indi məhz mediamızın əməli tələbləri sayəsində hər bir qurumun, təşkilatın simasıdır. Metropolitendə şəxsi fəaliyyətim deyil, rəhbərliyin kommunikasiyaya verdiyi xüsusi əhəmiyyət operativliyin təməlidir və həm də sistemli komanda işinin nəticəsidir. 

- Maraqlıdır, jurnalist işlədiyiniz dövrlə mətbuat katibi işlədiyiniz dövr ərzində hansı dəyişiklikləri müşahidə etmisiniz? 

- Qısa desək, əsas maraqlı fərq odur ki, daha çox sual verən deyil, verilən tərəf olursan. Ümumən fərq çoxdur və mətbu fəaliyyət onun tərkib hissəsidir. Üstəlik, texnologiyaların təsiri, yeni ünsiyyət vasitələri sahəni dəyişib və böyüdüb. İctimai fikrin təsir imkanları artıb. 

Amma kommunikasiya və ya ictimaiyyətlə əlaqələr anlayışının xəmiri mətbuatla yoğrulub. Ona görə də canı mətbuatdadır. Bu səbəbdən özümü mətbuatımızın bir parçası sayıram. Metropolitençi olsam və bununla fəxr etsəm də, mətbuat həyatımın ayrılmaz parçası, həyat tərzidir. 

- Bəzi mətbuat katiblərinin fəaliyyəti jurnalistləri qane etmir. Hətta bu hal zaman-zaman etirazlara səbəb olur. Sizcə, nə üçün bəzi mətbuat katibləri media ilə operativ işləməyə yanaşmırlar? 

- Mətbuat xidməti, ictimaiyyətlə əlaqələr və daha böyük yanaşsaq, kommunikasiya sisteminin səviyyəsi mediamızdan çox asılıdır və istərdim ki, həmişə belə olsun. Sualınıza metropolitenin nümunəsində cavab verim. 

Burada mətbuat katibi, ictimaiyyətlə əlaqələr anlayışının inkişafı gözümün qarşısında dəyişərək formalaşıb. Doğrudur, onun bir tərəfi dövrün tələbi ilə bağlıdır. Metropoliten insanların gündəlik həyatının bir parçasıdır, göz önündədir və şəhərin inkişafında danılmaz rola malikdir. Lakin hərəkətverici qüvvə məhz medianın formalaşdırdığı münasibətdir. 

- Bəs ümumi olaraq mətbuatımızın hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? 

- 1990-cı illərin əvvəlindən Azərbaycanda mətbuatın yeni formasiyası yaranmağa başladı. Sovet dövründəki ənənələr məktəbi də buna tez uyğunlaşdı və inkişaf çox sürətli oldu. Bu gün isə yeni texnoloji inkişaf dövrü mətbuatımızı yenidən formalaşdırır. 

Sosial media, rəqəmsal media, süni zəka kimi anlayışlar, ilk baxışda elə görünür ki, mətbuatın rolunu, onun nüfuzunu aşağı salır. Böyük əksərən sosial mediadan çıxan mövzular mətbuatımıza yol göstərir, şərt diktə edir, hər kəs xəbəri sosial mediada axtarır. Elə görünür ki, belədirsə, mətbuat nəyə lazımdır? Məncə, bu normaldır və görüntüdür. 

Mənim üçün mətbuat təkcə xəbərçi deyil, cəmiyyətin aynasıdır və onu inkişaf etdirən əsas qüvvədir. Məgər mətbuat katibi sisteminin formalaşmasına təkan verən, onu işləməyə məcbur edən mediamız olmayıb?! 

Mətbuatımızda o qədər güclü liderlər var ki, bu dövrü də məhz mətbuatın sözünün çəkisi ilə axarına salacaq. Kəsəsi, hər eşitdiyimiz xəbər özü belə xəbər olmaya bilər. Onu xəbərə, hadisəyə, zəruri olanda, mövzuya çevirən mətbuatdır. Mətbuat güclü olduqca, cəmiyyətdə tarazlıq və inkişaf olacaq. 

- Mətbuatla dövlət qurumları arasında əməkdaşlığın daha da artılıması və məlumatın birinci əldən ötürülməsi üçün hansı təklifləriniz var?

- Çox geniş mövzuya toxunursunuz. Fikrimcə, hər qurumun öz fəaliyyət sahəsinə uyğun kommunikasiya və böhran vəziyyətləri strategiyaları olmalıdır. O strategiyalar nə qədər səlis işlənsə, ünsiyyət, əlaqə və əməkdaşlıqda problemlər bir o qədər az olar. Məsələnin ikinci tərəfi ictimaiyyətlə əlaqələr üzrə heyət təkcə medianı, ictimai fikri, münasibətlər sistemini bilməməlidir. Qurumun və ya sahənin işini, fəaliyyətini də dərindən bilməlidir. 

Bu, ümumi iş, planlama və ən əsası, operativ təhlil, ani doğru qərarlar üçün vacibdir. İctimailəşən istənilən məlumatdan doğacaq növbəti vəziyyətlər, ən əsası, böhran idarəetməsi bundan asılı olur. Bunu metropolitendə ağırlaşdıran cəhət onun strateji əhəmiyyəti ilə bağlı ola bilər. Çox ciddi məsələ olsa da, bunu həll etmək üçün vahid komanda anlayışı və işi var. 

Seçilən
7
50
cebheinfo.az

10Mənbələr