"Həyat yoldaşım dünyasını dəyişib, bank onun kreditini bizdən tələb edir" - kimi etiraz dolu xəbər başlıqlarını çox görürük. Səbəb nədir? Çünki elə bir yanaşma var ki, bir şəxsin adına kredit götürülübsə, o, dünyasını dəyişirsə, artıq həmin kredit ödənilməməlidir. Lakin qayda belədir ki, əgər krediti götürən şəxs dünyasını dəyişsə, yaxud əmək qabiliyyətini itirsə belə, o kredit ödənilməlidir.
Lakin heç də hər ailənin o krediti ödəmək imkanı olmur. Yaxud da digər ailə üzvünün götürdüyü krediti ödəmək istəməyə bilər. Bunun üçün kredit həyat sığortası var. Krediti götürən şəxs dünyasını dəyişsə, bank onun ailəsini, zaminləri narahat etmir. Sığorta o krediti banka ödəyir. Amma bu sığortadan istifadə faizi azdır. Səbəb nədir? Necə edilməlidir ki, insanlar kredit götürərkən bu sığortanı etdirməyə maraq göstərsinlər?
Kredit götürənlər ailənin gəlir mənbəyidir
Valyuta.az-a danışan kredit həyat sığortası üzrə mütəxəssis Rəşidə Verdiyeva bildirir ki, kredit götürənlər adətən ailənin əsas gəlir mənbəyi olur: “Belə şəxsin həyatını və ya əmək qabiliyyətini itirməsi ailəni ciddi maliyyə çətinliyi ilə üz-üzə qoya bilər. Kredit həyat sığortasının məqsədi məhz bu hallarda sığortalını və ailəsini qorumaqdır”.
Sığorta şirkəti ödənişi tam həyata keçirir, o halda ki...
Mütəxəssis bildirdi ki, kredit həyat sığortası borcalanın həyatını və əmək qabiliyyətini itirmə risklərini əhatə edir: "Ölüm zamanı borcun tamamı, əmək qabiliyyəti itirildikdə isə ödəniş, əlillik faizinə uyğun sığorta şirkəti tərəfindən həyata keçirilir”.
Sığorta artıq xərc kimi görülür
R.Verdiyeva bildirdi ki, Azərbaycanda bu sığorta növünə müraciət olunmamasına başlıca səbəb bankların yüksək kredit faizi və komissiyalarıdır:
“Digər ölkələrlə müqayisədə Azərbaycanda kredit faizləri kifayət qədər yüksəkdir. Kredit götürən şəxs pula ehtiyacı olan biri olur. Məsələn, müştəri banka 6000 AZN kredit üçün gəlir, lakin sənədləşmə, xidmət haqqı və digər ödənişli sənədlər çıxıldıqdan sonra cəmi 5000 AZN əldə edir. Borc alan üçün 1000 manat əlavə xərc bu halda böyük yükə çevrilir. Nəticədə, onu gələcək risklərdən qoruyacaq ən vacib vasitə - sığorta artıq ona xərc kimi gəlir və imtina edir”.
Xarici ölkələrdə kredit həyat sığortası stimullaşdırılır
R.Verdiyeva bildirir ki, xaricdə sığortalanan kreditlərə güzəştlər tətbiq olunur: “Türkiyə və Rusiyada sığortalı kreditlərin faizi daha aşağı olur. Məsələn, 17%-lik kredit faizi 15%-ə enir. Avropa Birliyi ölkələrində bu xidmət könüllü təklif olunur, lakin faiz endirimi ilə həvəsləndirilir. ABŞ və Kanadada bu sığorta ipoteka kreditlərinin tərkib hissəsi sayılır. Asiya ölkələrində isə bu növ daha geniş yayılıb, bəzilərində isə icbaridir”.
Banklar bu sığortanın təqdim olunmasında daha maraqlı olmalıdır
Mütəxəssisin sözlərinə görə, banklar bu sığortanın təqdim edilməsində maraqlı olmalıdır: “Əgər kredit götürən şəxs vəfat edərsə və ya əmək qabiliyyətini itirərsə, ən çox çətinliyə düşən tərəf bank olur. Düşünmək olar ki, vəfat edən şəxsin varisi borcu ödəyəcək, amma varisin təyin olunması prosesi bəzən 6 aya qədər çəkir və bu müddətdə kredit ödənilmir. Elə hallar da olur ki, məsələn, ata vəfat edir, amma oğul varislikdən imtina edir. Hətta varis müəyyən olunsa belə, kreditin ödənilməsi məhkəmə prosesinə qədər uzana bilər. Əmək qabiliyyətinin itirilməsi zamanı da oxşar vəziyyət yaranır. Bəzən şəxs 30% əlilliklə kredit götürür, lakin sonradan vəziyyəti pisləşir və əlillik 70%-ə yüksəlir. Bu halda artıq borcu qaytara bilmir. Belə vəziyyətlərdə kredit həyat sığortası borcun ödənilməsini öz üzərinə götürür”.
Məlumatsızlıq etinasızlıq yaradır
Ekspertin sözlərinə görə, bu sahədə insanların məlumatlanması vacibdir: “Təəssüf ki, bu sığorta növü barədə əhalinin məlumatı azdır. İnsanlar yanlış fikirlərə və spekulyasiyalara inanaraq sığortaya etinasız yanaşırlar. Şirkətlər sosial şəbəkələr və reklamlarla məlumat versə də, bu kifayət etmir. Bu işdə daha böyük qurumların rolu böyükdür”.
Sığorta ödənişi maliyyə yükü deyil
Mütəxəssis bildirib ki, hazırda kredit həyat sığorta haqqını müəyyən edən əsas amil sığorta tarifi və həmin günə olan kredit borcudur: “Tarifə isə borc alanın yaşı və kredit müddəti təsir edir. Ümumi tariflər hazırda 0.01%-5% arası dəyişir. Məsələn, 10 000 AZN üçün minimum sığorta haqqı 1 AZN, maksimum isə 500 AZN təşkil edə bilər.
Sığorta şirkəti banka uyğun addım atır
Mütəxəssis bildirir ki, bank nə qədər kredit verirsə, sığorta da həmin məbləğə uyğun tərtib olunur: “Əgər kredit 50 000 AZN-dən çoxdursa, fərdi yanaşma tətbiq edilir. 60 yaşdan yuxarı şəxslər 10 000, digərləri isə 20 000 AZN-dən yuxarı kredit götürərkən sadələşdirilmiş ərizə doldururlar. Məsələn, 8–9 min manat kredit üçün sığorta da uyğun məbləğdə olur”.
Kredit həyat sığortasına ehtiyac artır
"Sosial-iqtisadi problemlər, post-kovid təsirləri, gündəlik stress və ekoloji amillər ölüm yaşını cavanlaşdırır. Eyni zamanda, bir çox xəstəliklər erkən mərhələdə əmək qabiliyyətini itirməyə səbəb olur ki, bu da kredit həyat sığortasını daha da vacib edir” - deyə ekspert sonda bildirir.
Yəni, kredit götürərkən onu özümüz ödəyə bilməyəcəyimiz halları da düşünməliyik ki, yaxınlarımıza sərvət yerinə kredit miras qoymayaq.
Sərvanə Rəmixanova
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.