AZ

Gəncə Dövlət Milli Dram Teatrından yeni premyera

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fuad Cavadzadə: “Gənclər üçün yazılmış əsərlər yoxdur”

Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb. Həmin sərəncama əsasən Gəncə Dövlət Milli Dram Teatrının nəzdində “İkinci nəfəs” teatr-studiyası fəaliyyətə başlayıb.

Tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnib, eyni zamanda, görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak edib.

Tədrisin yekun qiymətləndirilməsi və hesabat tamaşasının hazırlanması üçün teatra dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S” pyesi əsasında eyniadlı tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunub.

Bildirək ki, yeni səhnə əsərinin quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatçısı Zaur Rəşidov və Elşən Cəfərovdur.

Tamaşada “İkinci Nəfəs” teatr-studiyasının tələbələri ilə yanaşı, teatrın aktrisaları Zəminə Cəfərova və Sevinc Hüseynova çıxış ediblər. Tamaşa qəbul olunaraq teatrın repertuarına daxil edilib.

“Gənclər üçün yazılmış pyeslər, əsərlər demək olar ki, yoxdur”

Səhnə əsərinin quruluşçu rejissoru Fuad Cavadzadə premyeradan sonra tamaşanın hazırlanması, ərsəyə gəlməsi haqqında “Xalq Cəbhəsi”nə ətraflı məlumat verib: “Hazırkı dövrdə kütləvi olaraq gənclər üçün yazılmış pyeslər, əsərlər demək olar ki, yoxdur. Həmin zamanda müxtəlif pyeslər axtarışına başladım, gözləmədən bir pyes, çox sevdiyim, şəxsiyyətinə hörmət elədiyim ziyalımız, görkəmli dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin 1990-cı illərdə səhnəyə qoyulan, eyni zamanda real həyat həqiqətlərinə əsaslanan, müxtəlif illərdə müxtəlif adla təqdim olunan “M.S.S” pyesi ağlıma gəldi. Yenidən pyesi müəllifdən əldə elədim gözdən keçirtdim və bu ola biləcəyinə qərar verdim. Səbəb də o idi ki, pyesdəki mövzu dövrün aktuallığını özündə hələ də saxlayır, hər yaş dövründə olan insanlar üçün maraqlıdır, təsirli süjet xətti var, eyni zamanda məktəb mövzusunda yazılmış yeganə pyesdir. Əsas məqsədim isə gənclərin özlərini yetəri qədər təqdim edə bilməsi, özlərindən çıxış edə bilməsidir. Orda iştirak edən 18, 19, 20 yaşında tələbənin hamısına bığ-saqqal qoy, milli geyim geyindir çıxart peşəkar səhnəyə. Bunun nə dərəcədə gülünc görünəcəyi məlumdur. Əlbəttə, nə etsələr də adi olacaq idi, onlar hələ də təzədir, düzələcək. Bəs mənim rejissor kimi yanaşmam? Məni düşündürən əsas məsələ də bu idi və bu sualdan yola çıxaraq bu pyesdən bərk yapışdım. Teatrı da inandırdım, sağ olsunlar öz baxış bucağıma etiraz eləmədilər. İndi qarşımda 2-ci əsas və önəmli məsələ dururdu: rol bölgüsü. Rol bölüsü teatrda ən məsuliyyətli və ən çətin prosesdir. Başladığın, məqsədinə doğru gedə biləcəyin yola kiminlə çıxırsan bu, önəmlidir. Mən də o gəncləri tanımırdım. Mən Bakıda, onlar da Gəncədə. Pyesi də evdə təhlil edib, öz konsepsiyamı müəyyən edəndən sonra Zaur Rəşidovla musiqiləri yığdıq. İlkin planla getdim Gəncəyə orda artıq 2 gün gənclərin içinə daxil oldum. Mən hər şeyi kənara qoyub gəncləri həm kənarda, həm də teatrda tanımağa başladım, özlüyümdə təhlil etdim. Çünki mənim rol bölgüsündə səhv edib, alınmadı bir də əvvələ qayıdıb yenidən prosesə başlamağıma zamanım yox idi. Gəncləri tanıdıqdan, onların hansı imkanlara sahib olduqlarını bildikdən sonra müəlliflə məsləhətləşdim pyesdən müəyyən dəyişikliklər, obraz əlavələri və.s kimi müdaxilələr oldu. Çox sağ olsun Əli müəllim də anlayışla qəbul elədi. Tədris prosesində iştirak edən 12 nəfərin hər birinin eyni anda səhnədə görünməsi, rol alması mütləq idi öz imkanlarını göstərə bilsin deyə”.

“Teatrı sevən, anlayan, duyan, hiss edən çox az adam var”

Rejissor bildirib ki, rol bölgüsü prosesini tamamladıqdan sonra teatrın baş rəssamı, tamaşanın quruluşçu rəssamı Mirzə Mehdi ilə yaradıcı porosesə başlayıb, eyni zamanda teatrda musiqi və qrafik məsələlərini Elşən Cəfərovla davam ediblər: “Sağ olsun teatr hər baxımdan mənə dəstək oldu, bütün texniki heyət prosesə səfərbər oldu və biz 20 günə tamaşanı təhvil verdik. Əslində qarşıma qoyduğum bir məqsəd var idi: burada olan, teatrı bu qədər içdən sevən gəncləri aydın bir işıq altında təqdim etmək. Sonda premyera günü gənclərin teatrın rəhbərliyi,görkəmli səhnə ustaları, sənətkarlardan xoş sözləri eşitməsi məni sevindirdi. Çünki hazırkı dövrdə teatrı sevən, anlayan, duyan, hiss edən çox az adam var. Ona görə teatrın yazılmayan qanununlarından çıxış edərək biz bu gəncləri itirə bilmərik. Əlbəttə, zaman özü göstərəcək kimlər sənətdə qalacaq, kimlər isə bu yolun çətinliyinə dözə bilməyib üz çevirib gedəcək. Tamaşa zamanı gənclərin üzərinə qoyduğum digər məsuliyyət isə uzun illərdir teatrda çalışan peşəkar aktrisaların prosesə cəlb olunması idi. Görkəmli sənətkarlarımız - Həsənağa Turabov da, Mehdi Məmmədov da eynən bu proseslə yeni nəsil yetişdirirdi. Sağ olsun teatr da təklifimi qəbul etdi və biz öz aramıza Zəminə xanım və Sevinc xanımı daxil etdik. Əslində peşəkar aktyorların prosesə daxil olması hər iki heyətin qarşılıqlı tandemi əsasında hazırlanan tamaşa gənclərin debütü olmaqla yanaşı, peşəkar aktyorlarla səhnəyə uyğunlaşması, onlarda məsuliyyətin artırılması, eyni zamanda səhnə sərbəstliyinin formalaşmasına dəstək olraq bir növ teatr tərbiyəsinin formalaşmasına kömək edir. Bizimlə bərabər olduqlarına görə gözəl aktrisalarımız Zəminə xanım Cəfərova və Sevinc xanım Hüseynovaya təşəkkürümü bildirirəm. Eləcə də Gəncə Dövlət Milli Dram Teatrının rəhbərliyi başda olmaqla bütün yaradıcı və texniki heyətə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Kadr problemini aradan qaldırmaq üçün yaradılan teatr-studiyaları

F.Cavadzadə həmçinin kadr problemini aradan qaldırmaq məqsədilə yaradılan teatr-studiyaları haqqında da danışıb: “Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb. Əslində bu tip studiyaların yaranmasının başlıca səbəbi ölkədə rəsmi olaraq zamanında olduğu kimi bu gün teatrlara təyinatların olmaması ilə bağlıdır ki, bunun da yəqin ki, özəl səbəbləri var. Nəzərə alsaq ki, teatr təhsili verən yeganə ali təhsil müəssisəsi tək Bakıda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir ki, regionlarda həvəsi olan, istedadı olan çalışır, vuruşur və həmin ali məktəbə qəbul olur. 4 il paytaxta təhsil alan tələbə bu qədər sürətlə gedən inkişafla tanış olur, beynəlxalq teatr təcrübələri ilə maraqlanır, imkanı olanlar, yaradılmış vəziyyətdən şansı gətirənlər hətta əyani olaraq tanış olur, peşəkar teatr məktəbinin necə olmasını görür və birbaşa iştirakçısı olurlar. Eləcə də paytaxtda bir neçə müxtəlif səpkili teatrlar var ki, orada təcrübələr toplayır, eyni zamanda Bakıda film, kino, serial kimi əlavə qazanc gətirəcək yerlərə cəlb olunaraq həm məşhurluq əldə edir, həm də maddi qazanc. Bu kimi prosesləri görən tələbələr əlbəttə ki, universiteti bitirdikdən sona öz çıxdığı bölgəsinə qayıdıb mədəni prosesi davam elətdirmək istəmir. Hamı Bakıya axışır, hamı Bakıda iş yeri əldə etmək istəyir. Çünki burda mədəni proseslər sürətlə gedir. Əslində mən burda tələbələri də qınamıram, amma haqq da qazandırmıram. Heç kim bu qədər sürətli inkişafı, məşhurluğu, teatrdan başqa reklam, film kimi əlavə qazancları qoyub bölgə teatrlarında aşağı əməkhaqqı ilə çalışmaq istəmir. Hamı aktiv iş rejimi istəyir, eləcə də sevgi qarın doyurmur, maddiyyat önəmli faktordur”.

“Bölgə teatrlarında çox ciddi problemlər var”

Bölgədə fəaliyyət göstərən teatrlar haqqında danışan gənc rejissor bildirib ki, bu gün bölgə teatrlarında həm yaradıcı, həm texniki, həm də idarəçilik baxımından çox ciddi problemlər var: “Etiraf edək ki, əksər bölgə teatrları da gözdən uzaq, könüldən iraq yanaşması ilə işləyir. Ciddi yaradıcılıq atmosferi yoxdur. Gənclər də bunu görür getmək istəmir. Ona görə də indi sən kimisə məcbur edə bilmərsən get orda işlə. Bu kimi problemlərə görə Mədəniyyət Nazirliyi də alternativ olaraq çox gözəl yanaşma ilə çıxış edib Dövlət teatrlarının nəzdində studiyalar yaradıb ki, özün seç, özün yetişdir, özünə lazım olan çatışmayan tərəflərini onsuz da müəssisə olaraq özün bilirsən və bunları tamamla, aradan qaldır, mən də sənə dəstəyəm. Bir növ özün öz yarana məlhəm ol. Bu da əslində çox gözəl yanaşmadır”.

“Tələbələr burada praktik biliklərə yiyələnib”

O, Prezidentin sözügedən sərəncamına əsasən Gəncə Dövlət Milli Dram Teatrının nəzdində fəaliyyətə başlamış “İkinci Nəfəs” teatr-studiyasından da bəhs edib: “Burada 1 illik tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnib, eyni zamanda görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak ediblər. 1 ilin sonu olaraq protokol qaydalarına əsasən tədrisin yekun qiymətləndirilməsi və hesabat tamaşasının hazırlanması lazımdır ki, sonda Mədəniyyət Nazirliyi, teatr ictimaiyyəti baxır və tələbə teatrsevərlər içindən teatra lazım olan, tədrisi daha yaxşı mənimsəmiş gənclər işlə təmin olunaraq peşəkar səhnəyə qədəm qoyurlar. Əslində mən də bu layihənin məramının gözəl və məqsədli olduğunu bildiyimə görə, teatrı ürəkdən sevən biri kimi hesabat tamaşasının hazırlanması üçün Gəncə Dövlət Milli Dram Teatrından təklif alanda bir müddət düşündüm. Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Bürcəliyev teatrın rəhbəri Aqil müəllimlə, eyni zamanda teatrın baş rejissoru Elşad müəllimlə danışıb razılaşaraq dəvətdə bulunmuşdu. Sadəcə məni düşündürən tərəf o idi ki, mən gedib o gənclərlə nə hazırlayım ki, həm onları aydın işıq altında təqdim edə bilim, həm də öz reputasiyama da xələl gətirməyim. Çünki mənim teatr sahəsi üzrə 2 ali təhsilim var, akademik yazılarım var. 1 illik teatr təcrübəsi olan gənclər məni başa düşə biləcəklərmi? sualı məni düşündürürdü. Bir müddət oldu ki, mən gənclərlə tanış olmaq üçün Gəncəyə getdim, tələbə-gənclərlə, eyni zamanda tədris proqramları ilə tanış oldum. Prosesin çətin tərəfi də onda idi ki bu gənclər müxtəlif yaş qruplarında olanlar idi, ən kiçiyinin 15, ən böyüyünün isə 28 yaşı var idi. Və mən elə əsər seçməli idim ki, onları yaşlarından və görüntülərindən daha böyük obraza yükləyərək kənardan dram dərnəyi səviyyəsində iş nümayiş etdirmək idi. Təbii ki, Milli Dram Teatrı adı və statusunun da verdiyi bir məsuliyyət var idi. Çox şükür ki, hər şey yaxşı alındı. Mən bir daha hər kəsə təşəkkür edirəm”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
icma.az

10Mənbələr