AZ

Layihələri 1 milyona yaxın investisiya alan 3 dostun uğuru - Müsahibə

Üç azərbaycanlı dost bir ideyanın ətrafında birləşib öz startaplarını qurublar. Texnoloji ideyaya əsaslanan  bu startap bu gün Azərbaycanla yanaşı, Özbəkistan və Qazaxıstanda da fəaliyyət göstərir. Türkiyə və Səudiyyə Ərəbistanda da satışları var.

Bugünlərdə qurduqları startap 800 min dollar investisiya alması ilə gündəmə gəldi. Söhbət “Clopos”un yaradıcı olan Murad Həsənov, Kamran Eyubov və Reyal Savalanov dostlarından gedir. 

Valyuta.az-ın qonağı olan Murad, Kamran və digər əməkdaşları Əli Quliyev bu yola necə çıxdıqları, hansı çətinlikləri keçdikləri və gələcəyə dair planlarından danışdılar. Qeyd edək ki, Reyal Savalanov indi Özbəkistan ofisini idarə edir.

İlk olaraq dostların startapa qədər olan təhsil və iş həyatından danışdıq.

Murad Həsənov dedi ki, ADAU-da Marketinq üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra İT sahəsində menecer olaraq çalışıb: “10-cu sinifdən veb saytların hazırlanmasına marağım var idi. Universitet dövründə də əsas maraq sahəm bu olub. Bitirdikdən sonra ilk işim İT sahəsində layihə meneceri olub. Daha sonra digər iki dostumla bir neçə layihə üzərində işlədik. Beləliklə, “Clopos”un əsası qoyuldu”.

Əli Quliyevin isə “Clopos”ın həmtəsisçisi olan Kamranla bir yerdə əvvəl startap tərcübələri olub: “2010-2012-ci illərdə Kamranla birlikdə ilk startapımız olan “Bakupon.az” adlı kupon satış platformasını qurmuşduq və təxminən 2 il onla məşğul olmuşuq. Universitet vaxtı bank sektorunda çalışmışam. Ondan sonra “Simbrella” adlı FinTech şirkətində 10 ilə yaxın layihə və məhsul meneceri vəzifəsində çalışmışam. Daha sonra “Guavapay” global fintech şirkətində ümumi təcili pul köçürmələri üzrə layhənin rəhbəri olmuşam və 2 il yarım çalışmışam. “Clopos”da isə son bir ildən bəri full-time olaraq çalışıram”.

Kamran Eyubov Bakı Dövlət Universitetində Kompüter Elmləri üzrə təhsil alıb: “Daha sonra dövlət proqramı ilə İngiltərədə Şeffild Universitetində yenidən bakalavr təhsili aldım. Qayıtdıqdan sonra müxtəlif şirkətlərdə çalışmışam. 2015-dən etibarən Əli ilə müxtəlif layihələr üzərində işləməyə başladıq, 2018-dən isə artıq “Clopos” ideyası formalaşdı”.

- İlk olaraq “Clopos” ideyasından danışaq. Bu startapın ideyası nədir və hansı xidmətləri təqdim edir?

Murad Həsənov: “Clopos” restoran, kafe və digər iaşə obyektləri üçün nəzərdə tutulmuş rəqəmsal idarəetmə platformasıdır. Sistem müəssisələrə satışların idarə olunması, menyunun tərtibatı, stok və anbar nəzarəti, işçi və növbə idarəetməsi, müştəri xidmətləri və maliyyə analitikası kimi funksiyaları vahid platforma üzərindən həyata keçirməyə imkan verir.

Kamran Eyubov: “Clopos” həmçinin mobil tətbiq və bulud əsaslı texnologiya vasitəsilə istənilən yerdən idarəetmə imkanı təqdim edir. Sistem müasir POS texnologiyası ilə inteqrasiya olunaraq sürətli ödənişlər, real-time hesabatlar, və fintech yönümlü xidmətlər (loyallıq proqramları, maliyyə axını analizi və s.) təqdim edir. Məqsəd restoranların əməliyyat effektivliyini artırmaq, israfı azaltmaq və daha gəlirli idarəetmə təmin etməkdir.

- Bu kimin ideyası idi ki, 3 nəfər ətrafında toplaşıb onu reallaşdırmaq qərarı verdi?

Murad Həsənov: Ortağımız Reyal restoran açdı. Elə həmin ərəfədə texnologiya sahəsində fəaliyyətimiz var idi. Restoran idarəetməsi üçün proqram təminatı araşdırdıq və istədiyimiz proqram təminatını bazarda tapa bilmədik. Sonra düşündün ki, ehtiyac duyduğumuz məhsulu özümüz hazırlayaq. Beləliklə, “Clopos” startapı yarandı.

- Deyəsən, pandemiyadan öncə başlamısınız.

Kamran Eyubov: Bəli, rəsmi olaraq 2018-də başlasaq da, aktiv fəaliyyətimiz pandemiyadan sonra oldu. Çünki biz başladıqdan sonra pandemiya gəldi. Pandemiya dövründə restoran sektorunda fəaliyyət dayandı. Sonradan yavaş-yavaş ara məsafə ilə restoranların fəaliyyətinə icazə verildi. O dövrdə restoran sektorunda qurulan startapın aktiv olması, irəliləməsi real deyildi. Sadəcə olaraq biz ideyamızın arxasında idik və restoran sektorunda proses aktivləşəndən sonra artıq bizdə də işlər dinamik şəkildə davam etdi. Yəni, ümumi işlərə pandemiyadan öncə başladıq, amma aktiv şəkildə pandemiyadan sonra işlədik.

- Bizneslər və startaplarda başlanğıcda müştəri tapmaq məsələsi problem ola bilir. İlk müştəriləriniz kimlər oldu?

Kamran Eyubov: İlk müştərilərimiz elə öz restoranlarımız oldu. Öz restoranlarımızda istifadə etdikcə artıq digər restoran sahibləri də eşitdikcə maraqlandılar və beləliklə, başqa müştərilər də gəlməyə başladı. Maraqlıdır ki, bizdə ilk müştəri ödəniş etmişdi, halbuki əksər startaplar ilk 100 müştəridən heç nə qazanmır.

- Başlanğıcda hansı resurslarınız vardı? Kim maliyyələşdirdi?

Murad Həsənov: Bu günə qədər özümüz maliyyələşdirmişik. Sadəcə biz Asan xidmətin Startup şəhadətnaməsindəyik və bu ildən Texnopark rezidentiyik. Biz bir çox vergidən azadıq. Eyni zamanda keçən il dövlətin 120 min manat dəyərində SİF kreditini götürmüşük. Bu isə 5% li dövlət dəstəkli kreditdir.


 

- Startaplarda ilk dövrlər heç də asan olmur. İlk çətinliklər nələr idi?

Murad Həsənov: İlk vaxtlar funksionallıq baxımından çatışmazlıqlar olurdu. Müştərilərdən narazılıqlar gəlirdi. Amma məhsul üzərində gecə-gündüz çalışaraq onların istəklərini tez bir zamanda yerinə yetirməyə çalışırdıq.

- 800 min dollar investisiya almağınızla gündəmə gəldiniz. İndiyə kimi nə qədər investisiya cəlb etmisiniz?

Əli Quliyev: Bu günə qədər açıqlanan 800,000 dollarlıq investisiya cəlb etmişik. İyul ayı ərzində 2-ci raunda hazırlaşırıq və daha böyük məbləğ nəzərdə tuturuq. Bizim investorlar yalnız pul yox, fəqli dəyər qata biləcək investorlardır. Əsas investorlar - SABAH.fund (Azərbaycan), White Hill Capital (Qazaxıstan), IT Parkdır (Özbəkistan). Eyni zamanda, Sabah Angel və Next Business Angel kimi smart investorlar da var.

- Hazırda hansı ölkələrdə fəaliyyət göstərirsiniz?

Kamran Eyubov: Özbəkistanda da fəaliyyət göstəririk. Orda artıq 500-ə yaxın müştərimiz var. Özbəkistan ofisinə 3-cü ortağımız Reyal Savalanov nəzarət edir. Eyni zaman da Qazaxıstanda bu aralar yeni komandamız fəaliyyət göstərir. Bununla bərabər Türkiyə və Səudiyyə Ərəbistanda da satışlarımız var.

- Startapla bağlı hansı hədəfləriniz var?

Əli Quliyev: Məqsədimiz Azərbaycanda yaradılmış bu məhsulu beynəlxalq səviyyədə tanıtmaqdır. İstəyirik ki, bu məhsul Mərkəzi Asiya, Türkiyə, ərəb ölkələri kimi böyük bazarlarda yayılsın və uğur qazansın.

Murad Həsənov: Biz təkcə proqram təminatı deyil, bütöv bir ekosistem yaratmaq istəyirik. Restoran sahibləri “Clopos”a daxil olduqda hər şeyi bir məkanda tapmalıdır. Gələcəkdə FinTech yönümlü hədiyyə sistemlərini də təqdim etməyi planlayırıq. Eyni zamanda dünyanın bir çox ölkəsi ilə - Mexico, Afrika ilə danışıqlarımız gedir. Bizim startap proqramının heç bir ölkə limiti yoxdur. Fokuslandığımız ölkələrə özümüz və partnyorlarla, digər ölkələrə isə birbaşa partnyorlarla daxil olmağı planlaşdırırıq.

- Asiya ölkələrinə yönəlməyinizin səbəbi nədir?

Əli Quliyev: İlk olaraq həmin bazarlarda rəqiblərimiz eynidir. Özbəkistan bazarı sürətli şəkildə inkişaf edir. Restoran sektoru orda hər il 15-20% genişlənir. Həm də əsas səbəblərdən biri ehtiyacın çox olmasıdır.

- Azərbaycan bazarında rəqibləriniz varmı və fərqiniz nədir?

Əli Quliyev: Bəli, həm Azərbaycanda, həm də xarici bazarda rəqiblərimiz var.  Türkiyə, Rusiya bazarlarında müxtəlif rəqiblərimiz var. Biz ilkin olaraq proqram təminatı tərəfdən funksionallıq və rahatlıq veririk. Eyni zamanda texniki dəstək cəhətdən müştərilərə geniş imkanlar veririk. Onlar istənilən iş vaxtında bizimlə əlaqəyə keçərək problemi həll edə bilir. Bizim yanaşmamız bir az fərqlidir. Bizə görə təhsilli və öyrənmiş müştəri ən yaxşı müştəridir. Biz həmişə çalışırıq ki, müştərilərə proqram istifadəsini öyrədək.

- Sonda startap qurmaq istəyən gənclərə nə kimi tövsiyə verərdiz?

Murad, Kamran və Əli olaraq, biz üç dostun bir araya gələrək qurduğu bu startapın hər addımında çətinliklər, maneələr və qurbanlar olub. Amma bütün bu yolda bizi ayaqda saxlayan tək şey məqsədimizə inam və bir-birimizə olan güvən olub.

İstəyirik ki, bizim təcrübəmiz gənc startapçılara ilham versin. Bilin ki, böyük ideyaların arxasında kiçik, amma davamlı addımlar dayanır. İlk addımı atmaqdan qorxmayın, təcrübə qazanın, bazarı öyrənin və təslim olmayın. Resurslar az ola bilər, amma düzgün yanaşma və komandaya inamla çox şeyə nail olmaq mümkündür.

Ən əsası isə, hədəfiniz varsa – ona doğru getməkdən vaz keçməyin.

Tənzilə Ağabalayeva

Seçilən
16
50
valyuta.az

10Mənbələr