AZ

"Dalay-Lama ilə Pekin arasında yeni qarşıdurma" - "Bloomberg"

"Tibet ruhani lideri varis planını açıqladı, Çin qəzəblidir..."

Tibet buddizminin 89 yaşlı lideri, Nobel sülh mükafatı laureatı XIV Dalay-Lama ölümündən sonra öz reinkarnasiyasının - ruhunun yeni bədəndə təcəssümünün tanınması prosesinə dair mühüm açıqlama verib.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Nəşr qeyd edir ki, o, bu məsuliyyətin yalnız öz şəxsi fondu olan "Gaden Phodrang"a məxsus olduğunu bildirib və əlavə edib: "Bu məsələyə heç bir xarici qurum qarışa bilməz". Bu bəyanat sadəcə dini bir mövqe deyil, həm də siyasi əks-səda doğuracaq addımdır.

Çünki rəsmi Pekin - Dalay-Lamanı separatçı saymaqda davam edən Çin hökuməti gələcək reinkarnasiyanın məhz Çin tərəfindən təsdiqlənməsini israrla tələb edir. Hətta onlar bu arqumentlərini 1793-cü ilin imperator fərmanına istinadla əsaslandırmağa çalışır.

Dalay-Lama institutu davam edəcək

Dalay-Lama videomüraciətində öz institutunun,  yəni Dalay-Lama titulunun gələcəkdə də mövcud olacağını təsdiqləyərək həm dini ardıcıllığı qorumağa, həm də siyasi iradəsini nümayiş etdirməyə çalışıb. O vurğulayıb ki, yalnız "Gaden Phodrang" fondu yeni ruhani liderin kimliyini müəyyən etmək səlahiyyətinə sahibdir. Bu isə Pekinin təsir imkanlarını sıfra endirmək deməkdir.

Qeyd edək ki, Dalay-Lama Tibet buddizmi inancına görə mərhəmət tanrısı Avalokiteşvaranın yer üzündəki təcəssümüdür. Hazırkı Dalay-Lama iki yaşında bu statusa layiq görülüb və iyul ayında 90 yaşını tamamlayacaq. Onun dünyadan köçəcəyi gün uzaqda deyil və bu səbəbdən də varislik məsələsi hər zamankından daha aktuallaşıb.

Çin reinkarnasiyanı nəzarətdə saxlamaq istəyir

Çin hakimiyyəti uzun illərdir Dalay-Lama institutunu nəzarət altına almağa çalışır. 2007-ci ildə bu məqsədlə xüsusi qanun da qəbul edilib. Pekin açıq şəkildə bildirir ki, Dalay-Lama yalnız Çin dövləti tərəfindən təsdiqlənməlidir. Bunun əsas səbəbi isə Tibet üzərində nəzarəti dini vasitələrlə daha möhkəm qorumaq istəyidir.

Halbuki, Dalay-Lama dəfələrlə bildirib ki, onun növbəti reinkarnasiyası böyük ehtimalla Çindən kənarda baş verəcək. Bu, həm Pekinin təsirini pozmaq, həm də Tibet diasporuna güclü mənəvi dayaq vermək cəhdi kimi qiymətləndirilir.

Ruhani varislik siyasi savaşın mərkəzində

Dalay-Lamanın son bəyanatı yalnız dini gələcək plan deyil, həm də Çinlə ideoloji savaşın açıq bir mesajıdır. Onun mövqeyi göstərir ki, sürgündə olan Tibet hökuməti hələ də ruhani legitimliyi əlində saxlayır və Çin hakimiyyətinin bu prosesi idarə etməsinə imkan vermək niyyətində deyil.

Bu gərginlik yaxın illərdə daha da dərinləşə bilər. Çünki gələcək Dalay-Lamanın harada doğulacağı, kim tərəfindən tanınacağı və dünya tərəfindən necə qəbul ediləcəyi yalnız Tibetlə Çin arasında deyil, bütün beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq.

Seçilən
24
7
moderator.az

10Mənbələr