AZ

Sıfırdan yeni bir insan yaratmaq mümkündürmü?

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Alimlər artıq yalnız "insanı klonlamaqla" kifayətlənmirlər - onların yeni məqsədi tamamilə sıfırdan yeni genlər və nəticə olaraq, yeni insan formaları yaratmaqdır. Bu fikrin reallığa çevrilməsi isə artıq başlanmış konkret bir elmi layihəyə əsaslanır: Böyük Britaniyada sentetik insan DNT-sinin yaradılmasına yönəlmiş Sentetik İnsan Genomu Layihəsi (SynHG).

Qaynarinfo xəbər verir ki, beş il müddətinə nəzərdə tutulan bu layihə, insan həyatını mümkün edən əsas genetik strukturların daha dərindən başa düşülməsini, eyni zamanda genetik xəstəliklər üçün yeni müalicə üsullarının tapılmasını hədəfləyir. Dünyanın ən böyük tibbi yardım qurumlarından biri olan "Wellcome Trust" bu məqsədlə layihəyə təxminən 11,7 milyon dollar maliyyə vəsaiti ayırıb.

Layihənin əsas məqsədi sıfırdan süni (sentetik) insan xromosomu yaratmaqdır. Alimlər bu süni xromosomları analiz edərək, gen və DNT-nin insan bədənini necə idarə etdiyini öyrənmək istəyirlər. Qeyd olunur ki, bu cür tədqiqatlar genom biologiyası anlayışımızı köklü şəkildə dəyişə və biotexnologiya ilə tibbin sərhədlərini genişləndirə bilər.

Bu nağıla kim inanır?

Layihə cəmiyyətin bəzi təbəqələrində narahatlıq və etirazla qarşılanır. Tənqidçilər bu cür tədqiqatların gələcəkdə "dizayn olunmuş körpələrə" və ya qarşısıalınmaz genetik nəticələrə yol aça biləcəyindən ehtiyatlanır. Bu məsələ, 1997-ci ildə çəkilmiş "Gattaca” adlı Hollivud filmində də toxunulmuş bir temadır.

Məhz bu səbəbdən layihəyə yalnız elmi deyil, həm də etik, sosial, iqtisadi və siyasi baxış bucağından yanaşmaq üçün mədəniyyətlərarası və çoxdisiplinli bir tədqiqat modulu əlavə olunub.

Alimlər bildirirlər ki, layihə hazırda yalnız laboratoriya şəraitində – test boruları və petri qabları daxilində aparılır və birbaşa "yeni bir həyat forması yaratmaq" məqsədi daşımır. Lakin bu iddia bir çoxları üçün inandırıcı görünmür. Çünki tarix dəfələrlə göstərib ki, belə texnologiyalar gec-tez hərbi məqsədlərlə maraqlanan dövlət və təşkilatların diqqət mərkəzinə düşür.

Sentetik insan və ya canlıların gələcəkdə müharibə sahəsində istifadə olunacağı ehtimalı az deyil. Yorulmayan, ac qalmayan, zəifləməyən və itki hiss etməyən "yaradılmış varlıqların” döyüş meydanında istifadə olunması perspektivi artıq bir çox ölkənin nəzərində real və cazibədar görünür.

Unutmayaq ki, bugünkü internet belə, əslində düşmən şəhərlərinə daha dəqiq nüvə zərbələri endirmək üçün yaradılan hərbi layihələr çərçivəsində hazırlanmışdı.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
19
qaynarinfo.az

10Mənbələr