AZ

Tramp Suriyanı gördü, Azərbaycanı hələ görmür...


Abutalıb Səmədov: “Hələlik bu düzəlişin götürülmə ehtimalı real görünmür, ancaq ümid etmək olar ki...”

ABŞ Suriyaya qarşı sanksiyalarını rəsmi şəkildə ləğv edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb. Məlum olduğu kimi, Tramp bu ilin mayında Yaxın Şərqə səfəri zamanı ABŞ-ın bu ölkəyə qarşı bütün sanksiyaları ləğv edəcəyini bəyan etmişdi.

Bununla belə, bəzi sanksiyalar hələ də Konqres tərəfindən rəsmi olaraq ləğv edilməlidir.

Qeyd edək ki, Suriya 1979-cu ildən bu yana ABŞ-nin sanksiyaları altında idi.

Tramp Suriyanın sanksiyalarını ləğv etdi. Bəs ABŞ prezidenti Azərbaycana qarşı tətbiq edilən 907-ci Düzəlişi nə vaxt ləğv edəcək?Bu gözlənilirmi?

“...Yalnız bu halda Trampın 907-ci Düzəlişi ləğv etmək təşəbbüsü dəstəklənə bilər”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Suriya ABŞ üçün mühüm əhəmiyyətə malik dövlətdir. A.Səmədovun sözlərinə görə, 2015-ci ilin sentyabrında Rusiya öz hərbi qüvvələrini Suriyaya yeridənə qədər ABŞ və mütəffiqləri bu ölkənin ərazisinin böyük hissəsinə nəzarət edirdilər. A.Səmədov qeyd etdi ki, həmin dövrdə prezident Bəşər Əsədin nəzarətində olan sahə təqribən Suriyanın 15 faizini təşkil edirdi. A.Səmədov vurğuladı ki, 2015-ci ildə Rusiya öz hərbi qüvvələrini Suriyaya yeritdi və bir neçə il ərzində B.Əsəd Rusiyanın köməyi ilə artıq Suriyanın 90 faizinə nəzarəti öz üzərinə götürdü. “ABŞ yalnız kürd bölgələrində, əsas neft yataqlarının olduğu ərazilərdə qala bildi, Türkiyə də Suriya ilə sərhəddə - İdlibdə öz hərbi qüvvələrini saxlaya bildi. Baxmayaraq ki, dəfələrlə Bəşər Əsəd Putinlə görüşlər keçirdi və məsələ qaldırdı ki, ilk növbədə Türkiyə İdlibdən çıxarılmalıdır, çünki orda hökumət əleyhinə olan qüvvələr məskunlaşıb və bu, hakimiyyət üçün təhlükədir. Dəfələrlə bu məsələ Rusiya ilə Türkiyə arasında prezidentlər səviyyəsində müzakirə olundu, müzakirələr çox gərgin keçdi, bir neçə dəfə çox ciddi böhran yarandı və bütün bunlara baxmayaraq, çox çətinliklə də olsa, Rəcəb Tayyib Ərdoğan Türkiyə hərbi qüvvələrinin İdlibdə qalmasına nail oldu. Baxmayaraq, İran da əlindən gələni edirdi ki, həmin qüvvələr Suriyadan çıxarılsın. Hətta sonuncu dəfə Tehranda keçirilən Astana üçlüyünün sammitində Ərdoğan nə qədər çalışsa da, nə İranı, nə də Rusiyanı yola gətirə bilmədi və sammitdən sonra sentyabr ayında Soçiyə Putinlə görüşə getmək məcburiyyətində qaldı. Yalnız bu görüşdən sonra Rusiyanı razı sala bildi ki, Türkiyənin hərbi qüvvələrinin İdlibdə qalmasına ehtiyac var, çünki orda təqribən 2 milyon dinc suriyalı məskunlaşıb. Türkiyə onların təmin olunmasını, təchizatını, bütün problemlərini öz üzərinə götürüb. Onların təhlükəsizliyi üçün Türkiyənin hərbi qüvvələrinin orda olması zərurudir, əks halda orda yerləşmiş 2 milyon insan, həm də digər suriyalılar Türkiyə sərhədini keçə, bu da Türkiyə üçün çox ciddi problemlər yarada bilər. Türkiyə məqsədinə nail oldu və sonrakı hadisələr də gözümüzün qabağındadır. Həmin ərazidə məskunlaşmış silahlı qüvvələr son nəticədə Türkiyənin dəstəyi ilə Bəşər Əsədi devirdilər və o qaçıb getdi, Suriyada hakimiyyətə Türkiyəyə yaxın qüvvələr gəldi. Bu da, təbiidir ki, ABŞ-ı həddindən artıq sevindirdi. Çünki bir güllə atmadan, heç bir itki vermədən Rusiyanı Suriyadan çıxarmaq mümkün oldu. İndi düzdür, orda Rusiyanın iki hərbi bazası var, yəqin ki, yaxın vaxtlarda onların da Suriyadan çıxarılması məsələsi qoyulacaq”.

A.Səmədov hesab edir ki, Trampı ən çox Suriyanın təbii sərvətləri maraqlandırır, çünki əvvəlcədən də neft yataqlarının böyük hissəsi ABŞ-ın nəzarətində idi, kürd bölgəsində bu yataqlar istismar olunurdu.

A.Səmədov qeyd etdi ki, həmin yataqlardan ABŞ xeyli gəliur götürürdü: “İndi görünür Suriyanın digər sərvətləri ilə də bağlı müəyyən razılaşmalar olub və bütün bunları nəzərə alaraq ABŞ sanksiyaları götürmək qərarına gəlib.

ABŞ tərəfindən belə bir addım 907-ci Düzəlişlə bağlı da reallaşa, həyata keçirilə bilərmi? Bu addımın 907-ci Düzəlişin ləğv edilməsi ilə bağlı atılması da tamamilə mümkündür. Ancaq bunun yaxın vaxtılarda baş verməsi inandırıcı görünmür. Trampın gündəliyində ilk sıralarda olan hələ ki, xeyli məsələ var və yalnız bu məsələlərin gündəlikdən çıxmasından sonra güman etmək olar ki, nəhayət 907-ci Düzəlişlə bağlı da belə bir addımın atılması mümkündür. Trampdan əvvəlki ABŞ prezidentləri də 907-ci Düzəlişi götürməyə cəhdlər göstərdilər, öhdəliklər götürdülər, söz verdilər, amma son nəticədə sözlərinin üstündə dura, 907-ci Düzəlişi ləğv edə bilmədilər. Yalnız ona nail oldular ki, hər il ABŞ prezidenti düzəlişin qüvvəsini saxlamaq səlahiyyətini aldı və son illər istisna olmaqla xeyli müddət bu düzəlişin icrası dayandırıldı, ABŞ Azərbaycana müəyyən miqdarda hərbi yardımlar göstərdi.

Hələlik bu düzəlişin götürülmə ehtimalı real görünmür, ancaq ümid etmək olar ki, Trampın prezidentliyi dövründə bu məsələ qalxsın və müsbət nəticəyə nail olunsun. Bunun üçün lazımdır ki, Tramp qarşıdan gələn seçkilərdə öz mövqeyini itirməsin, Konqresdə, Nümayəndələr Palatasında və Senatda çoxluğu əldən verməsin, yalnız bu halda Trampın 907-ci Düzəlişi ləğv etmək təşəbbüsü dəstəklənə bilər. Nəzərə alsaq ki, Tramp prezident seçildikdən sonra hələlik onun nüfuzunun artdığını söyləmək mümkün deyil, əksinə, nüfuzu xeyli azalıb. Ancaq ABŞ seçiciləri, elektorat kifayət qədər dəyişkən mövqe tutan insanlardan ibarətdir. Bir neçə uğurlu addım atılması, ölkədə iqtisadi vəziyyətin hiss olunacaq dərəcədə yaxşılaşması onların münasibətinin dəyişməsinə gətirib çıxara bilər. Tramp da bunun üçün çalışır. İlk növbədə bütün gücünü ABŞ iqtisadiyyatının daha da inkişaf etməsinə yönəldib. Hər görüşü, hər səfəri bu məqsədə xidmət edir. Təsadüfi deyil ki, ilk səfərini əvvəllər olduğu kimi Böyük Britaniyaya yox, Səudiyyə Ərəbistanına etdi, orda çox sərfəli, dəyəri bir neçə trilyon olan sazişlər imzalandı. Bu günlərdə NATO-nun Haaqada keçirilən sammitindən NATO ölkələrinin hərbi xərclərini ümumdaxili məhsulun 5 faizi səviyyəsinə qaldırmaq təklifi qəbul olundu və bu, 2035-ci ilə qədər reallaşmalıdır. Təbiidir ki, hərbi xərclərə ayrılan vəsaitlərin böyük hissəsi ABŞ-ın silah sənayesinə, hərbi sənaysinə yönəldiləcək yatrımlardır və bu da ABŞ iqtisadiyyatına öz təsirini göstərəcək. Eyni zamanda neft istehsalı da xeyli artıb, digər sahələrdə də irəliləyişlər var. Güman etmək olar ki, Trampın atdığı bu addımların yaxın zamanlarda müsbət nəticələri özünü göstərəcək. Yalnız bundan sonra Tramp nəzərdə tutduğu addımları daha cəsarətlə ata bilər ki, bu addımlar içərisində, şübhəsiz ki, 907-ci düzəlişin ləğv olunması mühüm yer tutur”.

İradə SARIYEVA

Seçilən
22
44
baki-xeber.com

10Mənbələr