Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Naxçıvan, 2 iyul, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin 2025-ci ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdən öncə bölmə əməkdaşlarının yarımil ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Hesabat iclasında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmədə tətbiq olunan yeniliklərdən, qazanılan nəticələrdən, kadr hazırlığı və kadr potensialından, beynəlxalq səviyyəli jurnallarla edilən əməkdaşlıqdan söz açıb. Təqdim olunan göstəriciləri digər yarımilin nəticələri ilə müqayisə edib.
Akademik bildirib ki, AMEA Naxçıvan Bölməsində təsdiq edilmiş plana uyğun olaraq, 3 elmi istiqamətdə 17 iş üzrə 36 mərhələdə elmi-tədqiqat işləri davam etdirilir.
AMEA-nın Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri Orxan Bağırov bölmənin 2025-ci ilin birinci yarısındakı fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı hesabatını təqdim edib. Qeyd olunub ki, 2025-ci ilin birinci yarısında bölmə əməkdaşlarının 5 monoqrafiyası, 12 kitabı, 94 elmi məqaləsi, 59 konfrans materialı, 2 tezisi olmaqla, 172 elmi əsəri çap olunub. Əsərlərdən 1 monoqrafiya, 16 məqalə, 15 konfrans materialı və 1 tezis (cəmi 33 əsər) xaricdə nəşr edilib.
Elmi məqalələrin 14-ü xaricdə olmaqla, 45-i beynəlxalq kodlu elmi jurnallarda çapdan çıxıb. Məqalələrdən 3-ü “Web of Science” elmmetrik bazalarında, 4-ü impakt faktorlu jurnalda çap edilib. Qeyd olunub ki, yarım il ərzində əməkdaşların əsərlərinə 329 istinad qeydə alınıb, 108 qəzet məqaləsi işıq üzü görüb. Bölmənin “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin bir nömrəsi nəşr edilib. “Taleyi və sənəti” seriyası üzrə “Adil Babayev: taleyi və sənəti” adlı növbəti seriyası çapa təqdim olunub. Yarımildə AMEA Naxçıvan Bölməsi ABŞ, Rusiya, Türkiyə, Qazağıstan, Polşa elm və təhsil müəssisələri, eyni zamanda, bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələr qurub, səmərəli əməkdaşlıq edib. Bölmənin 9 əməkdaşı xaricdə və respublikada 11 beynəlxalq konfrans, konqres və simpoziumda məruzə edib. Hesabat dövründə Babək rayonu Göynük kəndi yaxınlğında yerləşən Bülövqayada və Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində arxeoloji qazıntılar aparılıb, əhəmiyyətli maddi mədəniyyət nümunələri aşkar olunub.
Sonra tarix üzrə fəlsəfə doktoru Musa Quliyev çıxış edərək bildirib ki, Tbilisi şəhərindəki Gürcüstan Milli Arxivində, K.Kekelidze adına Əlyazmalar İnstitutunda, rus şərqşünası K.N.Smirnovun fondunda, S.Canaşiya adına Gürcüstan Milli Muzeyində Naxçıvan tarixinə aid sənədlər ilə bağlı axtarışlar aparıb. Əldə olunan arxiv sənədləri bölməyə gətirilib.
AMEA-nın müxbir üzvləri, professorlar Əbülfəz Quliyev və Vəli Baxşəliyev, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edib, bölmənin 2025-ci ilin birinci yarısındakı fəaliyyətini yüksək qiymətləndiriblər.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.