"Moskva genişmiqyaslı hücuma başlayıb, Kiyev isə ehtiyat qüvvələrini səfərbər etməyə məcbur qalıb..."
Ukraynada müharibə yeni və daha gərgin mərhələyə daxil olub. Rusiya eyni anda iki cəbhədə hücuma keçərək, Ukraynanı hərbi ehtiyatlarını səfərbər etməyə vadar edir.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" nəşri yazıb.
Nəşrin yazdığına görə, tərəflər payızda döyüşlərin intensivliyi azalmamışdan öncə mümkün qədər üstünlük qazanmağa çalışır. Moskvanın məqsədi müvəqqəti atəşkəs perspektivi yaranmamışdan öncə mümkün qədər çox ərazini ələ keçirməkdir. Ukrayna isə buna müqavimət göstərməyə və Rusiya qüvvələrinə ciddi itkilər verməyə çalışır.
Strateji hədəf Pokrovsk və Donetsk vilayətinin tam ələ keçirilməsidir
Rusiya ordusu hazırda Donetsk vilayətindəki strateji əhəmiyyətə malik Pokrovsk şəhəri istiqamətində tədricən irəliləyir. Əgər şəhər ələ keçirilərsə, bu, Rusiya üçün əhəmiyyətli taktiki qələbə olacaq və Donetsk vilayətinin tam işğalına bir addım da yaxınlaşdıracaq.
Eyni zamanda döyüşlər artıq qonşu Dnepropetrovsk vilayətinin sərhədlərinə də çatıb. Rusiya bu istiqamətdə irəliləyərək Ukraynanın altıncı vilayətində möhkəmlənməyə çalışır. Analitiklərin fikrincə, bu, həm Ukrayna üçün ciddi psixoloji zərbə, həm də gələcək danışıqlarda Moskvanın əlini gücləndirə bilər.
Ukraynanın müdafiə strategiyası: itkilərlə zamana oynamaq
1200 kilometrlik cəbhə boyunca həm canlı qüvvə, həm də silah-sursat çatışmazlığı səbəbindən Ukrayna əsasən mövqelərini qorumağa çalışır. Əks-hücum ehtimalı isə hazırkı mərhələdə çətin görünür. "Da Vinçi Qurdları" taborunun komandir müavini Aleksey Maxrinskinin sözlərinə görə, əsas hədəf mövcud resurslarla mümkün qədər dayanıqlılıq nümayiş etdirməkdir.
72-ci briqadanın pilotsuz uçuş aparatları bölüyünün komandiri Andrey Nazarenko isə bildirib ki, Rusiya Dnepropetrovsk vilayətinə daxil olmaqla danışıqlarda daha sərfəli mövqe əldə etməyə çalışır. Onun sözlərinə görə, Moskva bu məqsədə "real şəkildə çox yaxınlaşıb".
Rusiya əsgərlərinin əhval-ruhiyyəsi dəyişib
Son aylar Rusiya ordusunun davranışında da dəyişikliklər müşahidə olunur. Əgər əvvəllər piyada bölmələri ukraynalıların pilotsuz dron hücumları qarşısında geri çəkilirdisə, indi daha iradəli və dözümlü şəkildə irəliləyir.
Rusiya tədricən, amma məqsədyönlü şəkildə Donetsk və Luqansk vilayətlərinin tam işğalına doğru irəliləyir. Pokrovska birbaşa hücum mümkün olmasa da, şəhəri mühasirəyə almaq və beləliklə də döyüş bölgəsini genişləndirmək əsas plan kimi görünür.
ABŞ silah yardımını dayandırıb
Bu arada Ukraynaya dəstək məsələsində Qərbin, xüsusilə ABŞ-ın mövqeyində də dəyişikliklər müşahidə olunur. Ukrayna KİV-nin məlumatına görə, Birləşmiş Ştatlar Ukraynaya hava hücumundan müdafiə sistemləri və digər mühüm silahların tədarükünü dayandırıb. Rəsmi Vaşinqtonun izahına görə, indi "ABŞ-ın maraqları birinci yerdədir".
ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, Sumı vilayətindəki vəziyyəti diqqətlə izləyir. Jurnalistlərin "əgər Rusiya bu istiqamətdə hücumları genişləndirsə, nə edəcəksiniz?" sualına cavabı isə belə olub: "Görək, nə baş verəcək".
Müharibənin bu yeni mərhələsində həm cəbhədə, həm də diplomatiya meydanında vəziyyət daha da gərginləşir. Payıza qədər hansı tərəfin üstünlük qazanacağı hələlik bəlli olmasa da, hər iki tərəf bunun müharibənin növbəti taleyini müəyyən edə biləcəyini anlayır.