Ses qazeti saytına istinadən ain.az xəbər verir.
Peşəkar jurnalistika bir çox ölkədə mətbuatın yaralı yeridir. O yaranın yaranmasına səbəb isə bir çox media orqanında işə cəlb olunma yollarının peşəkar olmamasıdır. Belə ki, bəzi kütləvi informasiya vasitələrində əsasən qohumluq, tanışlıq və ya oxşar səbəblərdən yuxarı post tutmaq, qeyri-peşəkar kimi peşəkarlara iş buyurmaq mümkündür. İşə götürülərkən peşəkarlığın yox, başqa kriteriyaların əsas götürülməsi isə, təbii olaraq, işimizə maneə törətməklə ümumi media bazarına zərər vurur. Media orqanlarının peşəkar kollektiv yaratmaq üçün jurnalist təşkilatları ilə əməkdaşlıq etməsi, peşəkar jurnalistlər ilə universiteti yeni bitirmiş və təcrübəsiz gənclər arasındakı fərqi anlaması bu sahədə uğura səbəb ola bilər.
Ümumiyyətlə, jurnalistləri özündə birləşdirən təşkilatlar jurnalistlərin peşəkarlığı, keyfiyyət prinsipləri ilə bağlı bir sıra məlumatlara sahib olmalıdır. Belə hesab edirəm ki, mətbuatın peşəkarlaşmasında jurnalist təşkilatları vacib işlər görə bilər. Bu, o halda mümkündür ki, media təşkilatlarının özləri bir koorparasiya olsunlar. Azərbaycanda vəziyyət elədir ki, media rəhbəri mətbuatdakı jurnalistlərin demək olar ki, hamısını tanıyır. Çünki media bazarı çox kiçikdir, peşəkar jurnalistlərin sayı o qədər də çox deyil. Yəni, kim nə yazır, nədən yazır, redaktorlar hamısını yaxşı bilir və peşəkarı ayırd etmək 2x2 qədər asandır.
Kollektivini gəncləşdirmək istəyən redaktor ola bilər ki, universiteti yeni bitirən və bu sahədə işə yeni başlayan jurnalistləri tanımasın, amma yeni jurnalistin işə qəbulu üçün də bir neçə yazısını oxumaq kifayət edir ki, onun potensialını anlasın. İstədiyi ixtisasa balı çatmayıb bir esse ilə qabiliyyət imtahanını keçib jurnalist olmaq olar, amma peşə faəliyyəti boyunca bazara tab gətirmək olmaz. Bunun çün potensial lazımdır. Təcrübə qazanılandır, lakin potensial qazanılmır, necə varsansa o cür də davam edəcəksən. Etiraf edək ki, Azərbaycanda jurnalist birlikləri və ya təşkilatları özləri də jurnalistlərin peşəkarlığı, medianın arınması ilə bağlı böyük işlər görmürlər.
Azərbaycanda bir media orqanı yaratmaq üçün nə tələb olunur? Əlbəttə ki, ilk növbədə yaxşı maliyyə dəstəyi olmalıdır. Dolayısı ilə vəsaiti ayıran şəxsin istəkləri, tələbləri olacaq. Kimləri işə götürmək, kollektivi necə formalaşdırmaq da çox vaxt onun diqtəsi ilə olur. O sizin qabağınıza siyasi, iqtisadi, ictimai sərhədlər qoyacaq, nələrə toxunmaq, nələr barədə yazmamaq haqda tələbləri olacaq. Bu da jurnalistikaya peşə əxlaqi kodeksindən, qanun baxımından ziddir. Bu halda peşəkar kollektivi necə yaratmaq olar?
Bir ağrılı məqam da odur ki, qəzetlərin peşəkar yazıları, saytların şou xəbərlərinə uduzur. Peşəkar araşdırmaları, təhlilləri, analizləri yazan peşəkar jurnalistlər, əlində mikrofon şou-biznes nümayəndələrinin dalınca qaçıb hər addımını yazan jurnalistlərə uduzur. Mediada reklam bazarı da elə bazar xaosu ilə işləyir, kim peşəkardırsa reklamı o yox, daha çox tıklanan alır.
Daha bir problemli məsələ də ixtisaslaşmış jurnalistlərin azlığıdır. Medai rəhbəri çalışır ki az kadrla daha çox iş görsün, buna görə də bir jurnalist həm mədəniyyətdən, həm sosial sahədən, həm də iqtisadiyyatdan yazmağa məcbur edilir. Dünən şoudan yazan jurnalist bu gün iqtisadi təhlil yazarsa o media orqanının hansı çəkisindən danışmaq olar?
Doğrudur, peşəkarlıq dərəcəsi haqqında hərənin öz təsəvvürü var, amma işə götürəndə və kadrın peşəkarlıq keyfiyyətlərini qiymətləndirəndə media ekspertlərinin, jurnalist təşkilatları nümayəndələrinin rəyindən istifadə edilə bilər. Bu zaman əməkdaşlıq yaxşı effekt verə bilər. Redaktor bir menecerdir, o düşünür ki, komandasını necə seçsin ki, daha effektiv iş görə bilsin. Əgər media orqanının sahibi elə özdürsə onu seçimində günahlandırmaq olmur, o özü kiminlə işləmək daha rahatdırsa onu seçir, kim daha sərfəli əməkhaqqına razı olursa onunla işləyir. Amma bu seçimin güdazına peşəkarlar gedirsə bu zaman narahat olmaq lazımdır. “Media inkişaf edir” dedik, amma yanıldıq. Sosial şəbəkələrin xaosu fonunda ənənəvi və peşəkar mediada çevriliş oldu, peşəkarlar şox xəbərlər, əsilsiz məlumatlar bazarına uduzdu.
Bəzən iddia edilir ki, jurnalistin peşəkar olub-olmadığını media bazarı müəyyənləşdirir. Bununla razı deyiləm. Təlabat bazarı müəyyənləşdirə bilər, oxucu bazarı müəyyənləşdirə bilər, amma peşəkarları bazar yox, media orqanı müəyyənləşdirir. Peşəkar jurnalisti bazarın ayağına verəcəksə o media orqanı peşəkar ola bilməz. Olsa, olsa, gündəmə hesablanmış bir media orqanı olacaq ki, bunu da ən çox peşəkarlıqla yaxından-zaqdan əlaqəsi olmayan, yağışdan sonrakı göbələklər kimi günü-gündən artan saytların timsalında görürük.
Bu saytların yaratdığı yeni media bazarı peşəkar jurnalistikanı sıxışdırmaqla yanaşı qeyri-peşəkar bir media yaratmaqda israrlıdır. Çünki bu cür saytlar adətən əsilsiz, təsdiqsiz, şaiyələr, qarayaxmalar fonunda inkişaf edir və peşəkar jurnalistikanın, həqiqi medianın inkişafına mane olur. İllərini peşəsinə həsr etmiş, bütün peşə inkişaf mərhələlərini keçmiş, xəbərin aşkarlanması, əldə edilməsi, yazılması və yayılması istiqamətində bütün media qaydalarına əməl edən jurnalist, bu saytlara və onun qeyri-peşəkar jurnalistikasına uduzur. Baxın, bazar budur. Əgər bazara uyğun formalaşsaq o zaman gərək peşəkarlığı bir tərəfə atıb reytinq uğrunda vuruşaq. Əsassız məlumat yaymaq, reytinq üçün uydurulmuş xəbər vermək həqiqi jurnalistikanın önünü kəsir. Peşəkar jurnalistika bu bazarın ortasında əliyalın qalıb.
Peşəkar jurnalist, mənbəsi məlum olmayan məlumatları və xəbərləri dərc etmir, amma özünə media orqanı adı verən çox sayt bunu məmnuniyyətlə edir. Jurnalistlər, xüsusilə, istinad mədəniyyətini inkişaf etdirməli, bir başqa media orqanının və ya həmkarının məlumatlarından istifadə edərkən ilk mənbənin göstərilməsinə diqqət yetirməlidir, bu peşəkarlığın birinci qanunudur. Lakin indi saytlar arasında gedən soyuq müharibə istinad mədəniyyətsizliyi ilə alovlanır. Kimin əli kimin cibindədir, məlum deyil. Xəbər o qədər oğurlanır ki, əsl mənbəyi itir. Yalançı məlumatlar, uydurulmuş əhvalatlarla xəbər hazırlayıb reytinq qazananlar üçün peşəkarlıq, əhəmiyyətini itirmiş bir xüsusiyyətdir.
Jurnalistikadakı peşəkarlar da yarpaq-yarpaq gedirlər mətbuatdan. Kimisi yorulur etinasızlıqdan, kimisi bezir, kimisi də sadəcə küsür. Ölkənin mətbuat tarixində xüsusi payı, çəkisi, yeri, imzası olan media əjdahaları səssizliyi seçir. Yarpaqlar töküldükcə ağacın quru budaqları görünür. O budaqlar bu bazarın tələbatına nə qədər dözəcək, maraqlıdır...
Lalə Mehralı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.