AZ

Baş Prokurorluqda brifinq: Rusiyada azərbaycanlıların ölümü ilə bağlı istintaq detallarına aydınlıq gətirildi

Olaylar.az xəbər verir ki, iyulun 2-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun inzibati binasında Rusiyada Azərbaycan vətəndaşlarının saxlanılarkən işgəncəyə məruz qalması və ölüm hallarına dair mətbuat brifinqi keçirilib. Brifinq zamanı ictimaiyyətə yeni faktlar təqdim olunub, media nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirin açılışını Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev edib. O bildirib ki, ilkin araşdırmalara əsasən, 27 iyun tarixində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində əməliyyat-axtarış tədbirləri həyata keçirilib və bu çərçivədə bir neçə Azərbaycan vətəndaşı saxlanılıb.
Saxlanılanlardan biri - 1966-cı il təvəllüdlü Hüseyn Səfərov həmin gün Federal Təhlükəsizlik Xidmətinin binasında, onun qardaşı isə səhər saatlarında nəqliyyat vasitəsində həyatını itirib. Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, Rusiya Federasiyasında baş verən bu hadisələrlə bağlı oradakı hüquq-mühafizə orqanları tərəfindən Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə), 285.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri üzrə cinayət işi başlanılıb.
İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilovun sözlərinə görə, əməliyyat zamanı azı 14 nəfər saxlanılıb və onlardan 12-nin Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Hazırda onların hüquqlarının təmin olunması, saxlanma şəraitinin və ölüm hallarının səbəblərinin araşdırılması istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.
Brifinqdə mərhum Ziyyəddin Hüseynovun saxlanma anına dair video görüntülər də nümayiş etdirilib. Qeyd olunub ki, həmin vaxt onun sağlamlığında ciddi problem müşahidə olunmayıb. Lakin istintaqın ilkin versiyasına əsasən, o, sonradan fiziki təzyiqə məruz qalıb və bu amil istintaq materiallarında əsas sübutlardan biri kimi qiymətləndirilir.
Baş Prokurorluq bildirib ki, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi məqsədilə bütün müvafiq beynəlxalq və hüquqi mexanizmlər işə salınacaq və proses diqqətlə izlənəcək.
Brifinqin sonunda media nümayəndələrinin sualları cavablandırılıb və istintaqın gedişatı barədə ictimaiyyətin vaxtaşırı məlumatlandırılacağı qeyd olunub.

Zeynəb  Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
50
olaylar.az

10Mənbələr