Bizim 14 qlobal və 7 yerli təşəbbüsümüz olub. Onlardan ikisi bizim müzakirələrimizə aiddir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən "İƏT Həftəsi" çərçivəsində baş tutan Gənclər Forumunun "Yüksək səviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu" panel sessiyasında çıxışı zamanı deyib.
İdarə rəisi bildirib ki, COP29-da Qlobal Bakı təşəbbüsü ilə irəli sürülüb:
"Biz Bakı Bələdçi prinsiplərini yazıb tərtib etdik. 12 elementi tərtib etdik, daha sonra 14 BMT qurumu və çoxtərəfli bank təşkilatları ilə birgə bəyanatımız oldu. Həmin prinsiplər artıq ölkələr tərəfindən təsdiqlənir. COP sədrliyi çərçivəsində iqlim və təhsil istiqamətində təşəbüsslərlə çıxış etmişik. Biz bu təşəbbüsləri regional səviyyədə həyata keçirik".
O əlavə edub ki, ikinci önəmli məsələ isə iqlim maliyyəsinin qəbul edilməsidir:
"İqlim maliyyəsi və sərmayə investisiyalarını ilk dəfə bir yerə gətirdik. Biz bunu inkişaf etməkdə olan ölkələrə dəstək üçün etdik. Bu, dayanıqlı iqlim maliyyəsi üçün çox önəmli idi. Hesab edirik ki, bu təşəbbüs İƏT çərçivəsində də həyata keçirilə bilər.
E.Məmmədov vurğulayıb ki, bizim 25-dək İƏT planları ilə bağlı sənədlərimiz var, bu sənədlər hazırda hökumətlərarası proseslərdən keçir.
"Biz gəncləri, qadınları, özəl sektorun nümayəndələrini bir araya gətiririk. Hansı ki onlar bu sənədlərin tərtib olunmasında iştiraka cəlb edilməlidirlər".
O sonda qeyd edib ki, Gənclər Forumunun ilk dəfə Qarabağda keçirilməsi tarixi hadisədir.
"Mən istəyərdim ki, bu təsisat halına gəlsin və İƏT-in digər üzvlərində də keçirilsin", - deyə XİN rəsmisi fikrini tamamlayıb.