"Zərbələrin dəqiq və planlı olması Ukrayna ordusunun yeni hücum strategiyasını göstərir..."
Rusiyanın müvəqqəti işğalı altında olan Donetsk, Yasynovataya və Luqansk şəhərlərində 30 iyun axşamı və 1 iyul gecəsi güclü partlayışlar qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, hədəflər arasında dəmiryolu qovşaqları, metallurgiya zavodlarının ətrafı və Rusiya Silahlı Qüvvələrinin qərargahları olub. Hücumların hansı vasitələrlə həyata keçirildiyi dəqiq bilinməsə də, bəzi mənbələr "Storm Shadow" tipli qanadlı raketlərin və ya Ukraynanın "Sapsan" raket kompleksinin istifadə olunduğunu istisna etmir.
Donetsk şəhərində baş verən partlayışlardan sonra göyə qalxan tüstü sütunları sosial şəbəkələrdə yayılıb. Yerli mənbələr Donetskin mərkəzindəki ticarət sıralarının yandığını, çoxmərtəbəli binalarda şüşələrin sındığını bildirir. Həmçinin metallurgiya zavodunun yaxınlığı və dəmir yolu stansiyasına zərbə endirildiyi ehtimal olunur.
Ukrayna Prezident Aparatına tabe olan Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko isə hadisəyə belə şərh verib: "Donetskdə ruslara qarşı zərgər dəqiqliyində zərbə endirilib. Hədəf çox "yağlı" idi".
Yasynovataya şəhərində də partlayışlar qeydə alınıb. İşğal Araşdırmaları Mərkəzinin rəhbəri Piter Andryuşşenko bu zərbələrin dəmir yolu xətlərinə tuş gəldiyini qeyd edib. "Şəhərdə hər yer alışıb-yanır", - o, "Telegram kanal"ında yazıb.
Gecə saatlarında Luqansk şəhəri də dron hücumlarına məruz qalıb. Yerli "Telegram kanal"larına əsasən, havada 20-dən çox pilotsuz uçuş aparatı qeydə alınıb. Partlayışlar bir neçə yanğına səbəb olub. Bəzi məlumatlara görə, şəhər kənarındakı yanacaq bazası da alışıb. Rusiya tərəfi hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü iddia etsə də, nəticələrin qarşısını ala bilməyib.
Ukrayna tərəfi rəsmi olaraq bu hücumlara dair açıqlama verməyib, lakin bəzi rəsmi şəxslərin qeyri-rəsmi bəyanatları, bu əməliyyatların xüsusi planlanmış və strateji önəm daşıyan zərbələr olduğunu göstərir. Hədəf alınan obyektlər Rusiya ordusunun Donbasdakı logistikasında və idarəetməsində mühüm rol oynayır.
Donbas və Luqanskdakı son partlayışlar Ukraynanın işğal altındakı ərazilərdə Rusiya ordusunun infrastrukturuna qarşı hədəfli hücum strategiyasına keçdiyini göstərir. Dron və uzaqmənzilli raket texnologiyalarının sinxron istifadəsi, müharibənin növbəti mərhələsində döyüşlərin yalnız cəbhə xəttində deyil, arxa cəbhədə də qızışacağının əlamətidir.