"Təəssüf ki, bu, sadəcə fərdi faciələr deyil, uşaqlığın və gələcəyin qəsdən məhv edilməsidir..."
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ukraynalı yeniyetmələri getdikcə daha çox "Telegram" kimi messencerlər vasitəsilə cəlb edir.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşr yazır ki, bu yeniyetmələrə pul vəd edilərək onlardan müxtəlif tapşırıqları - hərbi obyektlərin fotoşəkillərinin çəkilməsi, bombaların yerləşdirilməsi, enerji infrastrukturuna hücumlar yerinə yetirmələri tələb olunur.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, bu sistemli cəlbetmə prosesi əsasən maddi çətinlik çəkən, müharibədən zərər görmüş, yetim və ya köçkün uşaqlara yönəlib. Bəziləri isə sadəcə yeni iPhone almaq üçün pul qazanmaq istəyir. Ukraynalı rəsmilər bunu açıq şəkildə "Moskvaya xidmət edən uşaqlardan öz xalqına qarşı müharibə aləti düzəltmək" kimi qiymətləndirir.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat katibi Artyom Dextyarenkonun bildirdiyinə görə, təkcə ötən ilin yazından bu yana 700-dən çox şəxs casusluq, yanğın və partlayış aktlarına görə saxlanılıb. Onların 175-i, yəni təxminən 25 faizi 18 yaşdan aşağıdır. Bu şəxslərin bir qismi bilərəkdən hərəkət etsə də, digərləri aldanaraq bu prosesə cəlb olunub.
Dextyarenko deyir: "Azyaşlılar öz hərəkətlərinin nəticəsini proqnozlaşdırmaq qabiliyyətinə malik olmur və bu onları FTX-nın hədəfinə çevrilən ən zəif qrup edir".
"Kvest" adı ilə terrora hazırlıq
FTX-nın bu fəaliyyətləri ilk olaraq avtomobil və elektrik yarımstansiyalarının yandırılması ilə başlayıb. Sonradan bu hücumlar hərbi komissarlıqlara, daha sonra isə "intiharçı" kimi istifadə edilən ukraynalıların cəlb edilməsinə qədər inkişaf etdirilib. 2024-cü ilin əvvəlindən FTX artıq ukraynalı yeniyetmələri ölümcül missiyalara yönləndirməyə başlayıb. Problemin miqyası o qədər böyüyüb ki, Ukrayna hökuməti gənclər üçün maarifləndirici kampaniyaya start verib. Məqsəd - onları FTX-nın "tələsinə" düşməkdən qorumaqdır.
Əlaqə və tapşırıqlar necə qurulur?
"Financial Times" yazır ki, bu "işə götürmə" kanalları oxşar sxemlərlə işləyir. "Telegram", "Discord", "WhatsApp" və ya "Viber" vasitəsilə adsız bir şəxs yeniyetməyə yazır və "asan və sürətli qazanc" təklif edir.
Əlaqə qurulduqdan sonra rus "kuratorlar" konkret koordinatlar və təlimatlar göndərir. Tapşırıqlar müxtəlifdir: hərbi obyektlərin və hava hücumundan müdafiə sistemlərinin fotolarını çəkməkdən tutmuş, enerji infrastrukturu və çağırış məntəqələrinə bomba qoymaq və ya od vurmaq. Ödənilən məbləğ 100-dən 1000 dollara qədər dəyişir.
Bəzən bu missiyalar "kvest" adı altında, yəni guya mükafatlı bir macəra oyunu kimi təqdim olunur. UTX-nın verdiyi məlumata görə, bir neçə belə halda uşaqlara FTX tərəfindən coğrafi koordinatlar verilib. Onlar bu yerə getməli, obyektlərin şəkil və videosunu çəkməli, ərazini təsvir etməli idilər. Onlar həqiqətən də inanırdılar ki, bu oyun yarışmasıdır və qaliblər pul mükafatı alacaqlar.
2025-ci ilin iyununda isə UTX FTX-nın yeni bir üsulunu üzə çıxarıb: rus agentləri özlərini ukraynalı dövlət məmuru kimi təqdim edərək uşaqları ya aldatmağa, ya da psixoloji təzyiqlə sabotaj və kiberhücumlara cəlb etməyə çalışır.
İntihar üçün 15 yaşlı məktəbli axtarışı
Bu cür işə götürmələrin son nümunələrindən biri də Ivano-Frankivsk şəhərində qeydə alınıb. Rusiya xüsusi xidmət orqanının əməkdaşı 15 yaşlı məktəbliyə messencer vasitəsilə yazaraq ona pul qarşılığında əməkdaşlıq təklif edib.
İşğalçıların göstərişinə əsasən, yeniyetmə qız evdə partlayıcı qurğu hazırlamalı, onu dəmir şaybalarla "gücləndirməli" və bu qurğunu termosun içində şəhər parkına, ən sıx vaxtda - "pik saat"da aparmalı idi. Planın dəhşətli tərəfi isə budur ki, FTX həmin bombanı qızla birlikdə məsafədən partlatmağı planlaşdırırmış.
Bütün bunlar bir tərəfdən müasir hibrid müharibənin nə qədər amansız və sərhəd tanımayan formasını göstərirsə, digər tərəfdən də yeniyetmələrin necə asanlıqla aldanıb ölümcül işlərə cəlb olunduğunu üzə çıxarır. Təəssüf ki, bu, sadəcə fərdi faciələr deyil, bu, uşaqlığın və gələcəyin qəsdən məhv edilməsidir.