AZ

Yekaterinburqda həmyerlimizə qarşı DAHA BİR TƏXRİBAT: Bu dəfə qadın (VİDEO)

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı daha bir təxribat hadisəsi baş verib. Bu dəfə hücumun hədəfi qadın olub.

KONKRET.az xəbər verir ki, hadisə “Baku Plaza” ticarət mərkəzində yerləşən “Nar&Sharab” restoranında qeydə alınıb. Rusiyanın federal “Krik-TV” telekanalının əməkdaşı Aleksey Kuznetsov çəkiliş qrupu ilə birlikdə restorana gəlib və müəssisənin açılmasına üç dəqiqə qalmış içəri buraxılmağı tələb edib.

Restoranın xanım əməkdaşı Telli K.-nın sözlərinə görə, o, jurnalistlərə müəssisənin saat 12:00-da açıldığını bildirərək, ziyarətin məqsədini öyrənmək istəyib. Bu zaman jurnalistlər aqressiv davranaraq qışqırmağa, qeydə almağa və qapalı restorana zorla daxil olmağa çalışıblar.

Gözlənilmədən Aleksey Kuznetsov Tellidən tutaraq onu zorla küçəyə doğru sürükləyib. Hücum hadisə yerinə çağırılan “Rosqvardiya” əməkdaşlarının gözü qarşısında baş verib. Zərərçəkmiş qadının əllərində qançırlar yaranıb və bu xəsarətlər tibbi müayinələrlə sənədləşdirilib.

Hadisədən sonra “Krik-TV” əməkdaşları təhqir və təhdidlər səsləndirməyə davam ediblər.

Qeyd olunur ki, “Krik-TV” son iki il ərzində Sverdlovsk vilayətində yaşayan azərbaycanlılara qarşı məqsədyönlü şəkildə yalan məlumatlar yayır, millətlərarası qarşıdurmanı qızışdırır və təxribat xarakterli reportajlarla azərbaycanlı icmasını hədəf alır. Kanalın fəaliyyəti ilə bağlı dəfələrlə rəsmi şikayətlər təqdim olunub.

Natiq Səlim,
KONKRET.az

Seçilən
4
1
konkret.az

10Mənbələr