AZ

Naxçıvanda yaradılan Ağız və Diş Sağlamlığı Mərkəzində yenidənqurma işləri aparılır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 30 iyun, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq səhiyyə islahatları həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dövlət Proqramı çərçivəsində əhalinin stomatoloji xidmətlərə daha əlçatan və keyfiyyətli şəkildə çıxışını təmin etmək məqsədilə yeni Ağız və Diş Sağlamlığı Mərkəzinin yaradılması da bu istiqamətdə atılmış strateji addımlardandır. Layihə həm infrastruktur, həm də tibbi avadanlıq təminatı baxımından regionun səhiyyə sistemində mühüm yenilik olacaq.

Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublika əhalisinə göstərilən stomatoloji xidmətlərin keyfiyyətini yüksəltmək, bu xidmətlərin müasir tibbi standartlara uyğun şəkildə təşkili və əlçatanlığını təmin etməkdir. Belə ki, əvvəlki dövrdə əhaliyə göstərilən stomatoloji xidmət Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi və özəl stomatoloji kabinetlər tərəfindən həyata keçirilirdi. Lakin bu xidmətlər müasir tibbi tələblərə uyğun deyildi. Yeni mərkəzin yaradılması ilə ağız və diş sağlamlığı sahəsində infrastruktur yenilənəcək, tibbi diaqnostika və müalicə imkanları genişlənəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamına əsasən yaradılan Ağız və Diş Sağlamlığı Mərkəzində hazırda yenidənqurma işləri aparılır. Mərkəzdə əhaliyə göstəriləcək xidmətlərin çeşidini və keyfiyyətini artırmaq məqsədilə altı ixtisaslaşmış şöbə – stomatoloji, pediatriya, cərrahiyyə, ortodontiya, ortopediya və radiologiya şöbələri fəaliyyət göstərəcək. Radiologiya şöbəsi sefolometrik rentgen cihazı ilə təchiz olunacaq ki, bu da Naxçıvan Muxtar Respublikasında ilk dəfə tətbiq ediləcək və dəqiq diaqnoz qoyulmasına mühüm töhfə verəcək.

Mərkəzdə aparılacaq cərrahi müdaxilələrin effektivliyini artırmaq məqsədilə cərrahiyyə şöbəsi müasir tibbi avadanlıqlarla – elektron lazer cihazı və piezo cərrahiyyə aparatı ilə təchiz olunacaq. Bununla yanaşı, əlilliyi olan şəxslərin tibbi xidmətlərdən daha rahat şəkildə faydalana bilmələri üçün xüsusi stomatoloji kabinet və uyğunlaşdırılmış tibbi kreslo da istifadəyə veriləcək.

Ümumilikdə 34 funksional otağın yer alacağı binada həkim, cərrahiyyə, rentgen, sterilizasiya və texniki otaqlar fəaliyyət göstərəcək.

Qeyd edək ki, təmir-tikinti işləri davam edən mərkəzin bu ilin sonuna doğru istifadəyə verilməsi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
12
azertag.az

10Mənbələr