Bəhruz Quliyev: “Bu, sadəcə bir kriminal hadisə kimi deyil, sistemli və siyasi mahiyyət daşıyan bir cinayət kimi qiymətləndirilməlidir”
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilmiş amansız qətliam ölkəmizdə ciddi rezonans doğurub. Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində müəyyən hadisələr baş verməkdədir.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin vurulma səbəbi hələ də aydınlaşdırılmayıb, həmçinin, Rusiya lazımi səviyyədə məlum olayla bağlı üzr istəməyib. Bundan başqa, Azərbaycana qarşı kiberhücumlar edilib və bunun Rusiya ilə bağlı olduğu sübut olunub. Həmçinin azərbaycanlı deputat Rusiyadan deportasiya edildi.
Sadaladığımız faktlar göstərir ki, Rusiya ölkəmizə qarşı xoş niyyətli deyil. Görəsən, Rusiyanın getdikcə milli dözümsüz, diskriminasiya siyasətinə meyllənməsinin səbəbləri nədir?
“Yekaterinburqda baş verən hadisə təkcə oradakı cinayətkarların yox, sistemli diskriminasiya siyasətinin, milli dözümsüzlüyün və siyasi güc nümayişinin təzahürüdür”
“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar Rusiya Federasiyasında, xüsusilə də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş amansız qətliam Azərbaycan ictimaiyyətində dərin hiddət doğurub. Bu, sadəcə bir kriminal hadisə kimi deyil, sistemli və siyasi mahiyyət daşıyan bir cinayət kimi qiymətləndirilməlidir: “Bu olay fonunda Rusiyanın Azərbaycana münasibətdə son dövrdə atdığı addımlara nəzər yetirsək, məsələnin kökündə daha geniş geosiyasi və etnosiyasi planların dayandığını görərik. “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulması və bu hadisəyə Rusiya tərəfindən hələ də ciddi və şəffaf bir açıqlama verilməməsi, eyni zamanda üzr istənilməməsi Moskvanın siyasi saymazlığını və məsuliyyətdən yayınma cəhdini nümayiş etdirir. Bu kimi addımlar dostluq münasibətlərindən deyil, hegemon güc nümayiş etdirmək istəyindən qaynaqlanır.
Bundan başqa, Azərbaycana qarşı həyata keçirilmiş kiberhücumların Rusiya ilə bağlı olduğuna dair sübutların ortaya çıxması artıq açıq şəkildə informasiya müharibəsinin aparıldığını göstərir. Bütün bunlar təzyiq və qorxutma siyasətinin alətləridir. Rusiya, xüsusilə də postsovet məkanında öz keçmiş mövqeyini bərpa etməyə çalışdığı üçün, müstəqil və balanslı siyasət yürüdən Azərbaycan kimi ölkələr onun gözü qarşısında daim “cəzalandırılması gərəkən” subyekt kimi görünür.
Azərbaycanlı deputatın Rusiyadan deportasiya edilməsi isə bu siyasi mesajın daha bir təzahürüdür. Sual yaranır: niyə məhz indi və niyə bu formada? Bu cür addımlar təsadüfi deyil. Bu, Rusiya daxilində etnik və siyasi dözümsüzlüyün artmasının, millətlərə fərq qoyan və onları "özlərinə yaxın" və ya "uzaq" kimi qiymətləndirən dövlət siyasətinin nəticəsidir.
Tarixə nəzər saldıqda da aydın görünür ki, Rusiya imperiyası dövründən başlayaraq SSRİ zamanı və bugünə qədər Moskva Azərbaycanla münasibətlərdə daim təzyiq və yönləndirmə siyasətindən istifadə edib. İstər Bakı nefti üzərində nəzarət, istər Cənub Dəhlizi, istərsə də Cənubi Qafqazda balans yaratmaq məqsədilə həyata keçirilmiş hərbi və siyasi manevrlər — bütün bunlar eyni siyasətin müxtəlif zamanlarda fərqli formalarda həyata keçirilməsidir.
Bu gün isə həmin siyasət daha modern texnoloji və informasiya vasitələri ilə davam etdirilir. Rusiya Azərbaycanın müstəqil qərarlar verməsini, balanslı və çoxvektorlu siyasətini qəbul edə bilmir. Çünki bu, onun bölgədəki “superior” mövqeyini zəiflədir. Sadaladığımız faktlara əsasən demək olar ki, Yekaterinburqda baş verən hadisə təkcə oradakı cinayətkarların yox, sistemli diskriminasiya siyasətinin, milli dözümsüzlüyün və siyasi güc nümayişinin təzahürüdür. Azərbaycan cəmiyyəti, media və siyasi dairələr bu məsələyə ciddi yanaşmalı, baş verənləri lokal deyil, geniş geosiyasi çərçivədə təhlil etməlidir.
Tarix bizə öyrədir ki, öz sözünü deməyə qadir olan xalqlar yalnız ayıq və soyuqqanlı mübarizə ilə milli maraqlarını qoruyub saxlaya bilər. Azərbaycanın da bu yolun yolçusu olduğuna şübhə yoxdur”.
Günel CƏLİLOVA