Yekaterinburqda soydaşlarımıza qarşı törədilən amansız cinayət cəmiyyətdə dərin hiddət və sarsıntı doğurub. Hadisə təkcə bir qrup insana qarşı zorakılıq deyil, bütövlükdə Azərbaycan xalqına ünvanlanmış mesaj kimi qiymətləndirilir. İctimaiyyət haqlı olaraq tələb edir ki, bu vəhşilik qarşısında Azərbaycan dövləti və xüsusilə parlament susmamalıdır.
Bəs Milli Məclisin fövqəladə toplantısı gözlənilirmi? Parlament bu məsələdə mövqe ortaya qoymalıdırmı?
Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayət ictimaiyyətdə ciddi narahatlıq və hiddət doğurub:
“Hadisə ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yaydı, Mədəniyyət Nazirliyi isə Rusiyada keçirilməsi nəzərdə tutulan bütün tədbirləri təxirə saldı. Milli Məclisin nümayəndə heyəti birinci müavini Əli Əhmədovun rəhbərliyi ilə Rusiya Dövlət Dumasının iclasında iştirak etmək üçün Moskvaya səfər planlaşdırılırdı, lakin bu səfər də məlum hadisəyə görə təxirə salındı.
İyulun 4-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Heç şübhəsiz, bu məsələ həmin iclasda müzakirə olunacaq. Hazırda fövqəladə toplantının keçirilməsi ilə bağlı hər hansı məlumat yoxdur. Amma baş verənlər Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinə uyğun gəlmir, əksinə, tam ziddir”.
Deputat qeyd edib ki, azərbaycanlılara qarşı bu kimi halların daha əvvəl də müşahidə olunub:
“Xüsusilə Rusiyada metrolarda baş verən bəzi insidentlərin arxasında müəyyən dairələrin dayandığı aydın görünürdü. İndiki halda isə bu hücumların dövlət strukturları – konkret olaraq FTX tərəfindən həyata keçirildiyi aydın şəkildə görünür. Stalinin repressiya dövründə belə, müəyyən formal məhkəmə prosesi aparılır, bundan sonra cəza verilirdi. İndi isə heç bir məhkəməsiz, hüquqi proses olmadan açıq şəkildə qətliam törədilir. Bu, sanki orta əsr barbarlığına bənzəyir”.
Elman Nəsirovun fikrincə, hazırda Azərbaycanla Rusiya arasında münasibətlərdə ciddi çatlar yaranıb:
“Bu vəziyyətə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Münasibətlərin normala dönməsi üçün cinayətkarların layiqli cəzası verilməlidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta