"Yeni nəsil Jiutian SS-UAV sınaqlara hazırlaşır - bu, uzaqmənzilli, çoxfunksiyalı və yüksək daşıma qabiliyyətli drondur..."
Çin yaxın günlərdə eyni anda 100 kiçik pilotsuz döyüş aparatını (dronu) havada daşıya biləcək ağır döyüş dronunun - Jiutian SS-UAV-nin sınaqlarına başlayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "cnews.ru" nəşri məlumat verib.
Yeni dron 25 metrlik qanad açıqlığına və 6 tonluq maksimal faydalı yükə sahibdir. Bu, ona 100 kiçik dronu, eləcə də 1000 kiloqrama qədər ağırlığı olan idarə olunan raket və bombaları daşımağa imkan verir.
Sınaq mərhələsi və imkanlar
"Nikkei Asian Review"nun yazdığına görə, Jiutian SS-UAV eyni anda 100 dronla koordinasiyalı hücumlar həyata keçirməyə və kəşfiyyat aparmağa qadirdir. Onun uçuş məsafəsi 7000 km, havada qalma müddəti isə 12 saata qədərdir.
10 tonluq bu aparat ilk dəfə 2024-cü ilin noyabrında keçirilən "Airshow China" 2024 sərgisində təqdim olunub. Dron səkkiz ədəd ağır bomba daşımaq qabiliyyətinə də malikdir - gövdəsində bu cür yükü yerləşdirmək üçün səkkiz asqı nöqtəsi nəzərdə tutulub.
Çoxşaxəli funksiyalar
Jiutian SS-UAV müxtəlif vəzifələri yerinə yetirə bilər: kəşfiyyat, radioelektron mübarizə, zərbə əməliyyatları, sərhəd patrulu, dəniz müşahidəsi və axtarış-xilasetmə missiyaları. Xarici görünüşü və funksiyaları baxımından o, ABŞ-ın RQ-4 Global Hawk və MQ-9 Reaper dronlarına bənzəsə də, daha yüksək zərbə potensialına sahibdir.
Bu ağır dron "Aviation Industry Corporation of China" dövlət aviasiya nəhəngi və "Guangzhou Haige Communications" şirkətinin birgə layihəsidir. İlkin uçuş sınağı 2025-ci ilin iyun ayının sonunadək planlaşdırılır. Bundan sonra aparat Çin Xalq Azadlıq Ordusunun arsenalına daxil edilməzdən öncə tammiqyaslı sınaqlardan keçiriləcək.
Qlobal hərbi xərclərin artımı
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə dünyada hərbi xərclər 2023-cü illə müqayisədə 9,4 faiz artaraq rekord səviyyəyə - 2,718 trilyon ABŞ dollarına çatıb. Bu, dünya ÜDM-inin 2,5 faizini təşkil edir.
SIPRI-nin illik "Trends In World Military Expenditure 2024" hesabatına əsasən, bu artım 1988-ci ildən bəri ən kəskin artımdır və hər insan üçün düşən hərbi xərc 1990-cı ildən bəri ən yüksək göstəriciyə - 334 dollara çatıb. Çinin Jiutian SS-UAV layihəsi artan qlobal hərbiləşmənin və pilotsuz texnologiyalar sahəsindəki silahlanma yarışının rəmzlərindən biri kimi dəyərləndirilir.