Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.
Aznews.az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar – Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar.
“Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli şəxslər tərəfindən hər hansı qanunsuz və qeyri-mütənasib, xüsusilə də insanların ölümünə səbəb olan hərəkətləri qətiyyətlə pisləyirik. Cinayətkarlıqla mübarizə vacib vəzifədir, lakin o, qanun çərçivəsində, hər kəsin hüquq və ləyaqətinə hörmətlə aparılmalıdır. İnsan tələfatına səbəb olan güc tətbiqi hüquqi dövlətdə yolverilməzdir. Yekaterinburqdakı hadisələr fonunda xüsusilə narahatedicidir ki, hakimiyyətin ayrı-ayrı nümayəndələrinin məsuliyyətsiz hərəkətləri səbəbindən müttəfiq və dostluq əlaqələri ilə bağlı olan dövlətlər arasındakı münasibətlər zərər çəkir”, – icma bildirib.