“Çelsi”nin baş məşqçisi Entso Mareska 2025-ci il FIFA Klub Dünya Kubokunun “Benfika” ilə 1/8 final oyununda qələbəni (4:1) şərh edib.
Arena.az məlumat verir ki, “qartallar” 90+5-ci dəqiqədə penaltidən vurduqları qolla oyunu əlavə vaxta daşısalar da, “zadəganlar” daha üç qol vuraraq, qələbəni təmin ediblər.
Mareska matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Mən bu çıxışla qürur duyuram, çox qürurluyam. Amma çıxışımız mənim üçün 85-ci dəqiqədə dayandı. Ardınca oyun yarımçıq qaldı, fasilədən sonra isə tamamilə yeni bir oyun başladı. Siz oyunun yenilənməsini bir saatdan artıq gözlədikdə, bu, heç də asan deyil, amma biz oynamağa davam etdik, düşünürəm ki, bu, layiq olduğumuz bir mükafat idi. Biz klublararası dünya çempionatının ilk səkkizliyində olan komandalar arasındayıq, bundan isə çox məmnunuq”, – FIFA-nın rəsmi saytı 45 yaşlı italyan mütəxəssisdən sitat gətirir.
Əlavə edək ki, hava şəraiti ilə əlaqədar 86-cı dəqiqədə yarımçıq dayandırılmış oyunda iki saata yaxın faislə yaşanıb.
1/4 finala vəsiqə qazanmış “Çelsi” bu mərhələdə Brazilliya nəhəngi “Palmeyras”la qarşılaşacaq.