AZ

"Meta" səs klonlama startapı "PlayAI"ı almaq üçün danışıqlara başladı

"Meta" süni intellektlə dəstəklənən səs klonlama texnologiyaları sahəsində fəaliyyət göstərən Kaliforniya mərkəzli "PlayAI" startapını satın almaq üçün danışıqlar aparır. 

Valyuta.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, mümkün razılaşma təkcə texnologiyanı deyil, həm də "PlayAI" komandasında çalışan bəzi mütəxəssisləri də əhatə edə bilər. Tərəflər hələlik rəsmi razılığa gəlməsə də, bu satınalma reallaşarsa, "Meta"nın səs əsaslı süni intellekt həllərində ciddi irəliləyişə səbəb ola bilər.

"PlayAI"ın texnologiyası sayəsində "Meta" öz süni intellektlə işləyən söhbət botlarına və rəqəmsal köməkçilərinə daha təbii səs imkanları əlavə edə bilər. Bu texnologiya "Ray-Ban" və "Oakley" markalı ağıllı eynəklərdə də daha real səsli qarşılıqlı əlaqə təcrübəsi yaratmaq üçün istifadə oluna bilər.

Bu danışıqlar "Meta"nın süni intellekt sahəsində son dövrdə atdığı aqressiv addımların davamı kimi qiymətləndirilir. Şirkətin baş direktoru Mark Zukerberq, "AI Super Intelligence" adlandırılan yeni struktur üçün elit mütəxəssislərdən ibarət komanda qurmaq məqsədilə son aylarda yüksək miqdarda təkliflər təqdim edir. Bildirilir ki, bəzi süni intellekt mütəxəssisləri 100 milyon dollara qədər çatan təzminat paketlərini qəbul ediblər.

Yaxın günlərdə "Meta", süni intellekt modellərinin öyrədilməsi və məlumat etiketləmə xidmətləri təqdim edən "Scale AI" startapına 14,3 milyard dollarlıq böyük bir sərmayə yatırıb. Bu investisiyadan sonra "Scale AI"ın qurucusu Aleksandr Vanq-ın "Meta"ya qoşularaq yeni Süper Zəka Laboratoriyasına rəhbərlik etdiyi düşünülür. "Meta"nın bu investisiyadan öncə süni intellekt sahəsində fəaliyyət göstərən "Perplexity AI" startapını da satın alma variantı kimi qiymətləndirdiyi məlumdur.

"PlayAI"ın rəsmi saytında yer alan məlumata görə, şirkət istifadəçilərin səslərini təqlid edə bilən, insan səsinə bənzəyən realistik səs nümunələri yarada bilir. Bu səslər veb-saytlarda, mobil tətbiqlərdə və ya səsli istifadəçi interfeyslərində istifadə oluna bilər.

Əgər bu texnologiya "Meta" tərəfindən mənimsənilərsə, şirkət öz platformalarında fərdiləşdirilmiş səsli məzmun istehsalını mümkün edə bilər. Eyni zamanda bu texnologiya, süni intellektlə çalışan virtual köməkçilərin daha real və təbii səslə qarşılıqlı əlaqə qurmasına imkan yaradacaq.

Zukerberqin uzunmüddətli vizyonu, insanların deyil, süni intellektlərlə qurulan "rəqəmsal dostluqların" üstünlük təşkil etdiyi bir gələcəyə işarə edir. Bu baxışın ilkin əlamətləri, son aylarda sürətlə yayılan və süni intellektlə qurulan virtual münasibətlərdə özünü göstərməkdədir.

Paşa Məmmədli

Seçilən
51
2
valyuta.az

10Mənbələr