AZ

OPEC+ neft hasilatını kəskin dərəcədə artıra bilər

OPEC+ avqust ayında neft hasilatını gündəlik 411 min barrel artıracağını elan edə bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə qrupun dörd nümayəndəsi məlumat verib. 

Onlar bu məsələnin qrup daxilində müzakirə olunduğunu və rəsmi razılığın hələ verilmədiyini bildiriblər. Mənbələrin sözlərinə görə, təşkilat hasilatın gündəlik 411 min barreldən də çox artırılmasını nəzərdən keçirə bilər, lakin bu təşəbbüsü bütün üzvlərin dəstəkləyib-dəstəkləməyəcəyi hələ aydın deyil.

Danışıqları çətinləşdirən amillərdən biri İran-İsrail müharibəsinin başa çatmasından sonra İrandan neft tədarükünün artması ehtimalıdır. ABŞ prezidenti Donald Tramp İrana qarşı "maksimum təzyiq" siyasətindən imtina etmədiklərini bildirsə də, ölkənin bərpasına kömək məqsədilə məhdudiyyətlərin yumşaldıla biləcəyinə dair siqnallar verib.

Qeyd edək ki, ABŞ-ın İrana hücumundan sonra 27 iyunda neft qiymətləri beş aylıq maksimum olan 81 dollar/barrel səviyyəsinə yüksəlsə də, sonra 68 dollar/barrel həddindən aşağı düşüb.

"Energy Aspects" şirkəti və "RBC Capital Markets"dən Həlima Kroft avqust ayında OPEC+ üzvlərinin hasilatı gündəlik 411 min barrel artıracağını gözləyirlər.

"Biz düşünürük ki, qrup çox güman hasilat kvotalarının azaldılması prosesini sürətləndirməyə davam edəcək", deyə "Energy Aspects"in geosiyasi məsələlər üzrə rəhbəri Riçard Bronz qeyd edib. 

Rusiya prezidenti Vladimir Putin də OPEC+ təşkilatının neftə olan tələbatın artacağını proqnozlaşdırdığını bildirib.

OPEC+ təşkilatına Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Oman və Əlcəzair daxildir. Növbəti hasilat artımı məsələsi 6 iyul tarixində keçiriləcək iclasda müzakirə olunacaq.

Əgər qərar qəbul olunarsa, 2025-ci ildə kartel ölkələri neft hasilatını gündəlik 1,78 milyon barrel artırmış olacaq. Bu isə qlobal neft tələbatının təxminən 1,5 faizini təşkil edir. Lakin agentlik qeyd edir ki, bir sıra ölkələr əvvəlki dövrdə normadan artıq hasilatı kompensasiya etməyə çalışır, digərləri isə hasilatı əvvəlki səviyyəyə qaytarmaq üçün zamana ehtiyac duyur.

Hazırda OPEC+ dünya üzrə neft hasilatının təxminən yarısını təmin edir.

Paşa Məmmədli

Seçilən
20
36
valyuta.az

10Mənbələr