İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampa sərt mesaj ünvanlayıb. Nazir bildirib ki, əgər Tramp İranla razılaşma əldə etmək niyyətindədirsə, Ayətullah Əli Xameneiyə qarşı “qəbuledilməz və hörmətsiz ton”dan imtina etməlidir.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Əraqçi sosial şəbəkələrdəki paylaşımında yazıb:
“Əgər Prezident Tramp doğrudan da razılaşma istəyirsə, o zaman İranın Ali Rəhbəri, Böyük Ayətullah Xameneiyə qarşı hörmətsiz və qəbuledilməz ifadələrdən çəkinməli, milyonlarla sadiq tərəfdarımıza ağrı verməyi dayandırmalıdır”.
Əraqçinin sözlərinə görə, İran xalqı bütün dünyaya göstərib ki, "İsrail rejiminin bizim raketlərimizdən xilas olmaq üçün yalnız ‘atasına’ sığınmaqdan başqa çıxış yolu yoxdur". Nazir əlavə edib ki, iranlılar hədə və təhqirləri qəbul etmirlər.
“Yaxşı niyyət yaxşı niyyət doğurar, hörmət isə hörmətlə cavablanar”, – deyə Abbas Əraqçi qeyd edib.
Məsələ ABŞ Prezidenti Donald Trampın da reaksiyasına səbəb olub. O, bu açıqlamalardan sonra İran ərazisinə yönəlmiş zərbələri "tarixdəki ən uğurlu hərbi hücumlardan biri" adlandırıb və bildirib:
“İranın nüvə obyektləri tamamilə məhv edilib”.