AZ

“Buşehr AES-dəki rus mütəxəssislər hansı oyunun içindədir?..”-Analitikdən maraqlı təhlil

“Buşehr AES-dəki rus mütəxəssislər hansı oyunun içindədir?..”-Analitikdən maraqlı təhlil
 
Siyasi analitik Rusiyanın İrana nüvə dəstəyi ehtimalı və bu addımın mümkün riskləri haqda danışdı...
 
Ukraynalı tanınmış siyasi şərhçi Vitali Portnikov son müsahibələrindən birində iddia edib ki, guya işğalçı Rusiya diktatoru Vladimir Putin İrana nüvə silahı ötürə bilər. Görəsən, bu iddia çağdaş beynəlxalq münasibətlər kontekstində nə dərəcədə realdır?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı bu ehtimalın olduqca ziddiyyətli və riskli olduğunu bildirib.
 
“Əvvəlcə onu qeyd etmək lazımdır ki, Rusiyanın sələfi olan SSRİ dövləti 1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra Tehrana müəyyən dərəcədə nüvə dəstəyi göstərib. Daha sonra da Moskva İrana nüvə proqramı sahəsində zaman-zaman yardım edib. Amma bu gün – mövcud geosiyasi reallıqlar fonunda – Putinin İrana birbaşa nüvə silahı ötürəcəyini söyləmək çox çətindir,” – deyə ekspert bildirib.
 
Teymur Qasımlının fikrincə, son illərdə İranın Rusiyaya, xüsusilə pilotsuz uçuş aparatları ilə göstərdiyi dəstək, bəzi şübhələrin yaranmasına səbəb olub:
 
“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq siyasətindən sonra İranın ona hərbi-texniki dəstək verməsi, bəli, bəzi suallar doğurur. Bu şübhələr nüvə texnologiyaları ilə bağlı əməkdaşlığa da aid edilə bilər. Ancaq burada ehtimallarla danışmaq lazımdır – dəqiq faktlar mövcud deyil.”
 
Analitik əlavə edib ki, İranla yaşanan gərginliyə baxmayaraq, İsrail indiyədək Buşehr Atom Elektrik Stansiyasına zərbə endirməyib. Bu isə orada çalışan Rusiya vətəndaşlarına görə ola bilər:
 
“Buşehr AES-də, səhv etmirəmsə, 250-yə yaxın Rusiya mütəxəssisi fəaliyyət göstərir. İsrailin bu obyektə toxunmaması həmin faktorla izah oluna bilər. Bu da öz növbəsində Moskva-Tehran əməkdaşlığına dair bəzi ehtimalları gündəmə gətirir.”
 
Eyni zamanda Teymur Qasımlı qeyd edir ki, Vladimir Putin İsraillə birbaşa qarşıdurmaya girmək istəmir:
 
“İsrail Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruyur və Ukraynaya açıq dəstək vermir. Moskva isə bu mövqeyin dəyişməsini istəmir və buna görə də İsraili açıq şəkildə qarşısına almaq niyyətində deyil.”
 
Sonda ekspert vurğulayıb ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə Putinin İrana nüvə silahı verməsi nə diplomatik, nə də strateji baxımdan real görünür:
 
“Bütün bu faktlar və balanslara əsaslanaraq deyə bilərəm ki, Vladimir Putinin İrana birbaşa nüvə silahı ötürməsi ehtimalı bu mərhələdə həm düşündürücüdür, həm də real deyil. Rusiya hələlik ABŞ-la müəyyən diplomatik əlaqələri saxlayır və İsrailin narazılığını da nəzərə alır. Belə bir addım bu balansı alt-üst edə bilər. Məncə, hazırda Putin bu riski götürməz.”
 
Sultan Laçın
 
Seçilən
106
46
moderator.az

10Mənbələr