Ötən gün baş verən partlayışdan sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası gündəlik fəaliyyətini davam etdirir.
Bu barədə Operativ Media-ya kinostudiyadan məlumat verilib.
Bildirilib ki, "Azərbaycanfilm" kinostudiyasının binası zərər görməyib, pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır: “Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur. “Molla Nəsrəddin- çətin günlərimin dostu” filmi ortaq türk mədəniyyətinə xidmət edir. Layihədə 5 türkdilli ölkə (Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan) iştirak edir. Kinostudiyada çəkilişə hazırlıqları gedən növbəti film rejissor Elxan Cəfərovun ekranlaşdırdığı uşaq filmidir. Film Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilir. Hazırda kinostudiyanın otaqlarında filmin kastinqi, kiçik pavliyonda isə dekorasiyaların qurulması həyata keçirilir. Filmin çəkilişlərinə isə avqust ayında start veriləcək”.
Qeyd edilib ki, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası yerli və xarici istehsalçı şirkətlər üçün əməkdaşlığa açıqdır.
Xatırladaq ki, iyunun 26-da kinostudiyanın arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.