AZ

İsrail iranlı alimin evinə zərbə endirib – 12 nəfər HƏLAK OLUB

İsrailin İrana qarşı son hərbi eskalasiyası çərçivəsində həyata keçirilən hava hücumları bu dəfə mülki əhaliyə ağır zərbələr endirib. Belə ki, 2025-ci ilin iyun ayının 24-ü səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin Gilan vilayətinin Astanə-ye-Eşrəfiyə şəhərinə endirdiyi raket zərbələri nəticəsində İranın tanınmış nüvə fizikçisi Məhəmmədrza Səddiqinin valideynlərinə məxsus ev hədəf alınıb.

Bizim.Media xəbər verir ki, nəticədə onun ailəsindən 12 nəfər – valideynləri, bacı-qardaşları, onların həyat yoldaşları və azyaşlı uşaqlar həlak olub. Ölənlər arasında 3, 6 və 9 yaşlı uşaqların da olduğu bildirilir.

Hücum zamanı hədəf alınan evdə hər hansı bir hərbi obyektin və ya texnikanın olmadığı, sadəcə mülki şəxslərin yaşadığı təsdiqlənib. İranın rəsmi mənbələri hadisəni “mülki əhaliyə qarşı yönəlmiş vəhşicəsinə bir terror aktı” adlandırıb və İsrailin bu addımını beynəlxalq hüququn, xüsusilə də müharibə dövründə mülki əhalinin qorunmasına dair Cenevrə Konvensiyalarının pozulması kimi qiymətləndirib.
 

İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu hücumun məqsədinin təkcə Məhəmmədrza Səddiqi kimi nüvə sahəsində çalışan alimlərə və onların ailələrinə psixoloji təzyiq göstərmək, həm də İranın nüvə proqramından çəkindirmək olduğunu vurğulayıb. Bildirilib ki, bu hücum həm də İsrailin "dəqiqliklə seçilmiş terror siyasəti"nin bir parçasıdır.


İran cəmiyyətində böyük rezonans doğuran bu faciə sosial şəbəkələrdə geniş müzakirə olunur. İnsanlar beynəlxalq ictimaiyyətdən bu hərəkətə qarşı sərt mövqe sərgiləməyi və müharibənin mülki əhaliyə təsirini minimuma endirmək üçün tədbirlər görülməsini tələb edirlər.

Digər tərəfdən, İran mediası Səddiqinin özü ilə bağlı hər hansı bir məlumatın olmadığını bildirir. Onun hücum zamanı harada olduğu açıqlanmayıb. Ancaq bəzi mənbələrə görə, Səddiqi bir müddətdir təhlükəsizlik məqsədilə başqa bir bölgəyə köçürülmüşdü.

Bu hadisə İsrail-İran münaqişəsində yeni və daha təhlükəli bir mərhələnin başlandığını göstərir.

Mülki hədəflərin vurulması bölgədəki gərginliyi daha da artıracaq və tərəflər arasında mümkün sülh imkanlarını bir qədər də çətinləşdirəcək.

Bizim.Media

Seçilən
18
50
bizim.media

10Mənbələr