AZ

İsrail Tehran əhalisinə: "Şəhəri tərk edin, hər yer bombalanacaq" - Böyük hücum anonsu

İsrail ordusu İranın paytaxtı Tehrana qarşı yeni və çoxmiqyaslı hərbi əməliyyata hazırlaşır.

Musavat.com xəbər verir ki, yerli və beynəlxalq mənbələrin məlumatına əsasən, İsrail tərəfi Tehran əhalisinə şəhəri tərk etmələri üçün rəsmi xəbərdarlıq göndərib.

Məlumatda qeyd olunur ki, qarşıdan gələn saatlarda və günlərdə Tehranın bir sıra yaşayış bölgələri və strateji obyektləri intensiv hava zərbələrinə məruz qalacaq.

İyunun 23-də Tehranın müxtəlif rayonları artıq hava hücumlarına məruz qalıb. İranın hava hücumundan müdafiə sistemi ciddi zərər gördüyü və ya tamamilə sıradan çıxdığı üçün İsrail Hərbi Hava Qüvvələri İran hava məkanında praktiki olaraq maneəsiz hərəkət edə bilir. Bu, İsrailə həm hərbi, həm də psixoloji üstünlük qazandırıb. Tehranın ətrafında yerləşən bir neçə hərbi obyektin də bu gün səhər saatlarında bombalandığı bildirilir.

İsrailin bu mərhələdə Tehranı daha genişmiqyaslı və dağıdıcı formada vurmaq planı iki əsas məqsədə xidmət edir:

- İran rejiminin müqavimətini zəiflətmək və qərargahlarını sıradan çıxarmaq;

 - Şəhər əhalisində panika yaradaraq, rejimə olan ictimai dəstəyi parçalamaq və ölkədə xaos yaratmaq.

İsrailin yaydığı bildirişlərdə mülki əhaliyə şəhəri tamamən tərk etməyə çağırış edilib.

İranın ali dini lideri Əli Xamenei son günlərdə ictimaiyyət qarşısına çıxmayıb. O, hazırda xüsusi mühafizə altında gizli sığınacaqda saxlanılır. Prezident Məsud Pezeşkiyan isə müharibənin əsas siması kimi önə çıxır. O, daxildə çıxışlar edir, vəziyyəti dəyərləndirir və beynəlxalq ictimaiyyətə müraciətlər ünvanlayır.

İran rəsmiləri artıq bəyan ediblər ki, bu müharibə “qısa və lokal deyil”, iki ilə qədər uzana biləcək bir prosesə çevrilə bilər. Bu açıqlama İsrailin hücumlarının hələ başlanğıc mərhələdə olduğunu göstərir və qarşıdakı mərhələlərin daha da dağıdıcı olacağına işarə edir.

Analitiklər hesab edirlər ki, Tehranın bombalanması İran daxilində rejim əleyhinə narazılıqları daha da gücləndirə, ordunun və təhlükəsizlik strukturlarının öz daxilində parçalanmalara səbəb ola bilər. Bəzi ekspertlər bu hücumların ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirildiyini, bəzi mülki və hərbi obyektlərin də Qərb kəşfiyyatı tərəfindən əvvəlcədən müəyyənləşdirildiyini istisna etmir.

Tehranın bombalanması təkcə İran daxilində deyil, bütün regionda gərginliyin pik həddə çatmasının göstəricisidir. İsrailin hücumları yalnız hərbi deyil, həm də psixoloji və siyasi sarsıntı yaratmağı hədəfləyir. Qarşıdakı günlərdə regionda vəziyyətin daha da dramatikləşəcəyi və İranın cavab addımlarının hansı formada olacağı maraqla izlənilir.

Musavat.com

Seçilən
6
50
musavat.com

10Mənbələr