Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.
Əməkdaşımız sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin harada olduğunu öyrənməyə çalışıb.
Rubrikamızın keçmiş müdafiə nazirini gündəmə gətirməsi təsadüf deyil. Çünki bu gün 26 İyun - Silahlı Qüvvələr Günüdür.
Son vaxtlar mətbuatda eks-müdafiə naziri ilə bağlı xeyli təsdiqlənməmiş xəbərlər yazılır. Bu xəbərlərin içində onun xaricə çıxıb getdiyi barədə iddialar da yer alır.
Təəssüf ki, Səfər Əbiyevlə əlaqə saxlayıb özünü danışdıra bilmədik. Eks-müdafiə naziri telefon zəngimizə cavab vermədi.
Səfər Əbiyevin yaxın dostları saytımıza bildirdilər ki, onun xaricdə olduğu barədə xəbərlər həqiqət deyil, eks-nazir hazırda Bakıda yaşayır və səhhəti də qaydasındadır. Dostları Səfər Əbiyevin mətbuata danışmaq istəmədiyini söylədilər.
Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında doğulub.
1971-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin 1-ci müavini, müdafiə naziri vəzifəsinin icraçısı vəzifələrində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.
Eks-nazirin iki oğlu var.
General-polkovnik S.Əbiyev 1995-ci ildə "Azərbaycan Bayrağı", 2003-cü ildə “Azərbaycan Bayrağı", 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
A.Qorxmaz