BAKI, TurkicWorld
Türkiyənin 15 şəhərində kibercinayətkarlığa qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar zamanı ümumi bank hesablarında 1 milyard 132 milyon lirəlik maliyyə hərəkəti aşkar edilən 98 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, onlardan 51 nəfəri barəsində həbs-qətimkan tədbiri seçilib.
Əməliyyatlar Daxili İşlər Nazirliyi, Jandarma Baş Komandanlığı və Respublika Baş Prokurorluqlarının koordinasiyasında, şəhər jandarma komandanlıqlarının kibercinayətlərlə mübarizə şöbələri tərəfindən aparılıb.
Şübhəlilərin saxta internet saytları vasitəsilə özlərini “bank işçisi” və ya “sığorta nümayəndəsi” kimi təqdim edərək vətəndaşlara aşağı faizli kredit təklifləri ilə yaxınlaşdıqları, eyni zamanda qanunsuz mərc oyunlarını təşkil etdikləri və qeyri-qanuni pul köçürmələrinə vasitəçilik etdikləri müəyyən edilib.
MASAK-ın (Maliyyə Cinayətlərini Araşdırma Şurası) hesabatlarına əsasən, şübhəlilərin bank hesablarında 1 milyard 132 milyon lirəyə yaxın maliyyə hərəkəti aşkarlanıb.
Əməliyyatlar nəticəsində çox sayda mobil telefon, SIM kart, kompüter, bank kartları, kriptovalyuta cüzdanları və digər rəqəmsal materiallar müsadirə edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatla bağlı sosial media hesabında açıqlama verərək, əməliyyatda iştirak edən valiləri, baş prokurorluqları, jandarma qüvvələrini və MASAK əməkdaşlarını təbrik edib.