Bakının Səbail rayonunda 1982-ci il təvəllüdlü Tural psixi pozuntusu olan qadına qarşı seksual xarakterli hərəkətlər edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il avqustun 7-də baş verib. Bakı şəhər sakini Tural həmin gün səhər saat 7 radələrində yaşadığı evin həyətində olarkən yüngül kəmağıllılıq psixi pozuntusu olan və ona qarşı hərəkətlərin xarakterini anlamayan Lətafətin (adlar şərti verilib – red.) köməksiz vəziyyətindən istifadə edib.
O, qadını yarıçılpaq vəziyyətə gətirib, seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı Turalın barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edib.
“Pivə içdik, hal-əhval tutduq”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, hadisə günü təxminən səhər saat 7 radələrində pivə almaq üçün marketə gedib: “Marketə əvvəllər tanımadığım Lətafət adlı bir qadın daxil oldu və ona da pivə almağımı xahiş etdi. Pivə aldıqdan sonra Lətafətə yaxınlaşdım və marketdən çıxaraq həyətə tərəf getməyi təklif etdim.
Həyətin bir kənarında əyləşdik, bir qədər pivə içdik, hal-əhval tutduq. Sonra Lətafət mənim intim yerlərimə toxunmağa başladı. Onu öpdüm, köynəyini dartdım. Ayağa qalxdığına görə köynəyi bir qədər aralandı. sonra şalvarını özü soyundu.
Lətafət ayağa qalxan zaman ona əl vurmamışam. Bir qədər sonra Lətafətin bacısı həyətdə bizi gördü və səs-küy salaraq məni oradan qovdu”.
“İntim yerinə əl vurmamışam”
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Lətafəti əvvəllər şəxsən tanımayıb, sadəcə olaraq həmin ərazidə yaşadığını bilib:
“Mən videogörüntü çəkilən ərazidə yaşamıram. Marketə sadəcə özümə pivə almaq məqsədi ilə getmişəm. Həmişə olmasa da, hərdən səhərlər pivə içirəm.
Hadisə günü Lətafəti marketin yanında gördüm. Ümumiyyətlə hadisədən əvvəl Lətafətin hərəkətlərinə, davranışına fikir verməmişəm və ya onunla danışmamışam. Həmin gün qadın mənim yanımda əyləşdi. Ona pivə almağımı özü məndən xahiş etdi.
Lətafətin hər hansı intim yerinə əl vurmamışam. Sadəcə belinə toxunmuşam”.