Rusiya Əmək Nazirliyi 2024-cü ildə ölkədəki sənaye müəssisələrində ümumilikdə 47 min ixtisaslı əcnəbi mütəxəssisin çalışdığını açıqlayıb. Bu rəqəm hökumətin müəyyən etdiyi illik immiqrant kvotası olan 40,5 min rəqəmini 16 faiz üstələyib.
Hafta.az-ın nazirliyin məlumatına istinadən yazdığına görə, həmin işçilərin əksəriyyəti Çin, Türkiyə, Hindistan və Serbiyadan gəlib. Mühacirlər əsasən mədən, tikinti, montaj və metal emalı sahələrində işləyirlər.
Məlumata görə, mədənçıxarma və tikinti kimi ağır sənaye sahələrinə ayrılmış 30,7 min kvotanın 22,4 minindən (73 faiz), mexanizator və montajçılar üçün ayrılmış 22,1 min kvotanın 14,8 minindən (66 faiz) istifadə edilib. Metal emalı və maşınqayırma sektorunda isə 15,5 min kvotanın 10,9 mini (70 faizi) doldurulub.
Səlahiyyətlilər vurğulayıblar ki, hər bir ekspert viza və iş icazəsi alaraq Rusiyaya fərdi şəkildə daxil olur və kvotaya malik olmaq avtomatik giriş hüququ vermir. Bildirilib ki, yeni investisiyalar və yerli işçi qüvvəsi çatışmazlığı hallarında regional hökumətlər əlavə kvota tələb edə bilər. Maraqlıdır ki, son 10 ildə Rusiyada əcnəbi işçilərin sayı ümumilikdə aşağı düşüb və 2015-ci ildən bəri onların sayıyarıbayarı azalıb. Ekspertlər bunu həm iqtisadi yavaşlama, həm də dollar/rubl paritetinin dəyişməsi ilə əlaqələndirirlər. Bundan əlavə, bu dövrdə qüvvəyə minən daha sərt immiqrasiya və əmək qanunları hüquqi prosedurları və maliyyə öhdəliklərini artıraraq, əməkçi miqrantların sayının kəskin azalmasına səbəb olub.