AZ

“Misirli uşaqların rəsm əsərləri” sərgisi Bakıda - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bu gün Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Misirli uşaqların rəsm əsərləri”  adlı sərgi keçirilib.

Hafta.az-ın yazdığına görə, sərgidə Misir Mədəniyyət Nazirliyi tərəfindən seçilərək Azərbaycana göndərilən, bu ölkədə yaşayan 8-12 yaşlarında 67 uşağın hər birinin bir rəsm əsəri sərgilənib.

Sərginin keçirilməsində başlıca məqsəd misirli uşaqların əl işlərini Azərbaycanda tanıtmaq, bu yolla hər iki ölkənin uşaqları arasında mədəni tanışlığın təməlini qoymaqdır.

Qeyd edək ki, misirli uşaqların rəsm sərgiləri vaxtaşırı olaraq dünyanın bir sıra ölkələrində açılmaqdadır. Məsələn, bu gün Bakıda təşkil olunan sərgi başa çatdıqdan sonra rəsm əsərləri Qahirəyə göndəriləcək, gələcəkdə Misir Mədəniyyət Nazirliyi onları başqa ölkələrdəki Misir Mədəniyyət Mərkəzlərində sərgiləyəcək.

Xatırladaq ki, balaca rəssamların əl işlərindən ibarət bu cür sərgilər Kovid pandmiyası başlayanadək Bakıda bir neçə dəfə keçirilib. Pandemiya başa çatdıqdan sonra ilk olan bu mədəni tədbirin gələcəkdə də müntəzəm təşkil olunması gözlənilir.

Bu arada, məlumat üçün deyək ki, 2017-ci ildə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi birbaşa öz təşəbbüsü ilə Azərbaycanın bütün rayonlarından topladığı uşaq rəsm əsərlərini o vaxt Qahirədə təşkil olunan beynəlxalq rəsm müsabiqəsinə təqdim etmişdi. Nəticəsi müsbət olmuşdu - azərbaycanlı uşaqların əsərləri müsabiqədə bir neçə yer də tutmuşdu.

Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri professor Tarik Məhəmməd sərginin məqsəd və əhəmiyyətindən söz açıb. Bildirib ki, bu cür tədbirlər Misir və Azərbaycan uşaqları arasında əlaqələrin yaranması baxımından əhəmiyyətlidir. O, belə tədbirlərin gələcəkdə də təşkil olunacağını bildirib.

“Esmeralda” Uşaq və Yeniyetmə Rəsm və Yaradıcılıq Studiyasının direktoru Esmeralda Tağızadə tədbirin əhəmiyyətindən söz açaraq belə gözəl mədəni tədbir təşkil etdiyinə görə Mərkəzin rəhbərliyinə minnətdarlığını bildirib.

“Artıq bir neçə dəfədir ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi bizim studiya ilə əməkdaşlıq əşaraitində mədəni layihələr həyata keçirib. Bizim fikrimiz budur ki, yaxın gələcəkdə azərbaycanlı və misirli uşaqların birlikdə rəsm sərgisini təşkil edək. Çünki uşaqlar bir-birilərindən çox şey öyrənirlər deyə belə qarışıq tədbirlərin keçirilməsi vacibdir. İnanıram ki, bu cür tədbirlər ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək” deyən Esmeralda Tağızadə qarşıdakı aylarda studiyanın balaca rəssamlarının əsərlərindən ibarət fərdi sərgi keçirəcəklərini bildirib.

Bakı Rəsm Qalereyasının direktoru Eldəniz Babayev də çıxışında qeyd edib ki, 10 il öncə Azərbaycan Rəssamlar İttifaqında Misir səfirliyi ilə birlikdə keçirilən rəsm sərgisində misirlu uşaqlar Azərbaycan, azərbaycanlı uşaqlar isə Misir haqda fantaziyalarının məhsulunu yaratmışdılar və cür tədbirlərin davamlı təşkil olunması faydalıdır.     

Seçilən
49
4
hafta.az

6Mənbələr