AZ

Azərbaycan və İordaniyadan olan iki istedadlı sənətkarın duet-simpoziumu

Bakı, 24 iyun, AZƏRTAC

İçərişəhərin tarixi divarları bu günlərdə bənzərsiz bir sənət hadisəsinə şahidlik edir. Tanınmış Azərbaycan rəssamı və heykəltəraşı Mir Teymur Məmmədovun emalatxanasında baş tutan duet-simpozium, Azərbaycan və İordaniyadan olan iki istedadlı sənətkar – Mir Teymur Məmmədov və Marvan Ahmad Tavahan arasında yaradıcı dialoqun canlı platformasına çevrilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan AZƏRTAC-a bildirilib ki, simpoziumun məqsədi yaradıcı dialoq aparmaq, müxtəlif sənət baxışlarını bölüşmək və tamaşaçını sənət əsərinin doğulma anına şahid etməkdir. Fərqli mədəniyyətlərin ortaq yaradıcılıq ruhu ilə yoğrulduğu bu proses, həm də sənətkarlar arasında anlaşmanın və harmoniyanın real nümunəsidir.

Simpozium iyunun 13-dən start götürüb və iyunun 26-dək hər gün saat 10:00-dan 19:00-dək davam edir. Bu müddət ərzində hər kəs sənət əsərlərinin yaranma prosesini canlı izləmək imkanı əldə edir. Ziyarətçilər, sənətçilərlə birbaşa ünsiyyət qura, ideyaların necə formalaşdığını, palitradan gilə, fırçadan kompozisiyaya qədər bütün yaradıcı prosesi yaxından müşahidə edə bilirlər.

İştirak tamamilə sərbəstdir, lakin yalnız öncədən qeydiyyatla mümkündür.

Simpozium çərçivəsində ərsəyə gələn əsərlər iyunun 30-da Bakı Fotoqrafiya Evində açılacaq xüsusi sərgidə nümayiş olunacaq.

Seçilən
34
4
azertag.az

5Mənbələr